SON XƏBƏRLƏR

QAFQAZ MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ

2021.10.20, 07:36
QAFQAZ MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ

Gunaz.tv
QAFQAZ MÜHARİBƏSİNİN NƏTİCƏLƏRİ 35223_1 Ekspertlərin fikrincə, gürcü-rus münaqişəsi dünyada qüvvələr nisbətini dəyişdirəcək C.SÜMƏRİNLİ Gürcüstanla Rusiya arasındakı hərbi toqquşmanın səngiməsinə baxmayaraq problem qarşılıqlı ittihamlar səviyyəsində davam edir. Dünən günün sonuna olan məlumatlara görə, Rusiya Gürcüstan ərazisindəki əraziləri nəzarətdə saxlamaqdadır. Buraya Cənubi Osetiya və Abxaziya ərazilərindən başqa, Qori şəhəri və Gürcüstanın Qara dənizə çıxışını təmin edən ərazilər daxildir. Həftə ərzində münaqişə ilə bağlı çoxsaylı fikirlər, təhlillər rəy və münasibətlər KİV-də işıqlandırılıb. İstər rusiyalı, istərsə də beynəlxalq ekspertlərin münaqişə ilə bağlı fikirləri bəzən çox yaxın olsa da, əksər hallarda bir-birindən çox fərqlənir. Ümumilikdə, Rusiyada həftə ərzində səslənən fikirləri qruplaşdıraraq aşağıdakı qənaətə gəlmək olar: 1. Rusiya tərəfinin müharibəyə cəlb olunması prosesi və Kremlin həyata keçirdiyi hərbi əməliyyatların aparılması qaydaları göstərdi ki, bu əvvəlcədən hazırlanmış bir təxribatdır. Bu çox böyük ehtimalla ABŞ xüsusi xidmət orqanlarının Rusiyaya qarşı hazırladığı bir plan olub. Məqsəd Rusiyanın bölgədə yürütdüyü siyasətin fors-major vəziyyətini aşkarlamaq və ABŞ-ın bu istiqamətdə Kremlə qarşı təsir imkanlarını öyrənməkdir. 2. Gürcüstanın NATO-ya üzvlük perspektivinin yaxınlaşdırılması üçün Moskvanın maneələrini dəf etmək lazım gələcəkdi. Bu indi olmasa da, ilin sonunda - Gürcüstanın NATO-ya üzvlük əməliyyat planına (MAP) qoşulmasına razılıq verilməsi dövründə də ola bilərdi. O baxımdan məsələni indidən həll etmək ABŞ-ın hərbi və siyasi dairələri üçün mühüm əhəmiyyət kəsb edirdi. 3. Rusiyanın Cənubi Osetiya və Abxaziya separatçılarının müdafiəsi üçün Gürcüstana qarşı hərbi əməliyyatlar həyata keçirməsi bu iki separatçı respublikanın beynəlxalq tanınma imkanlarını minimuma endirdi. Əgər münaqişədən əvvəl Cənubi Osetiya və Abxaziya liderləri müstəqilliklərinin tanınması üçün ürəklə beynəlxalq ictimaiyyətə müraciət etməkdə idilərsə, son hadisələrdən sonra bu tip xahiş və müraciətlərə müsbət cavab verilməsi mümkün görünmür. Rusiyanın təkbaşına bu separatçı rejimlərin müstəqilliklərini tanıması da mümkünsüzdür. Ən azı, ona görə ki, Qərb də Rusiya ərazisindəki muxtariyyətlərin müstəqillik arzularının gerçəkləşdirilməsinə yardımçı ola bilər. 4. Gürcüstanın hərbi itkilərinin Rusiyadan çox olduğu məlumdur. Amma Rusiyanın maliyyə, xarici siyasət və mənəvi itkiləri Gürcüstanla müqayisədə daha çoxdur. 5. Gürcüstanla müharibə bu ölkənin xalqını birləşdirdi. Beləliklə, Rusiya gələcəkdə Saakaşvili hakimiyyətinə qarşı təzyiq rıçaqlarının əsasından məhrum oldu. 6. Rusiya rəhbərliyi özünün əsas məqsədinə - Mixail Saakaşvilinin devrilməsinə, Gürcüstanda siyasi rejimin dəyişdirilməsinə və bu ölkənin NATO-ya üzvlükdən imtina etməsinə nail ola bilmədi. Hadisələr göstərir ki, hər şey Rusiyanın istədiklərinin əksinə cərəyan edir. 7. Dünyada təcavüzkar ölkə kimi Rusiya, təcavüz qurbanı kimi isə Gürcüstan tanındı. Bu istiqamətdə Rusiyanın səyləri heç bir nəticə vermədi. 8. Rusiya praktik olaraq tam xarici siyasi təcrid vəziyyətinə düşdü. Rusiyanın Gürcüstana müdaxiləsini yalnız Kuba dəstəklədi. İran, Venesuela, Özbəkistan, hətta Belarus Rusiyanın hərəkətlərinə dəstək xarakterli bir kəlmə də kəsmədi. Rusiyanın əsas müttəfiqi olan Belarus prezidenti Lukaşenko bu günlərdə ölkəsinin ABŞ-la sıx münasibətlər qurmaq istədiyini dilə gətirdi ki, bu ifadə bütün Rusiyanı şoka saldı. 9. "Böyük səkkizlik" de-fakto "yeddilik"ə çevrildi. Rusiya rəhbərliyinin xarici siyasətdə 2003-cü ildə "qərənfil inqilabı", 2004-cü ildə isə "narıncı inqilab"la başlayan, NATO-nun 2008-ci ilin aprelində keçirilən Buxarest sammiti ilə davam edən məğlubiyyət seriyası yeni uğursuzluqla tamamlandı. 10. Rusiya rəhbərliyi müasir dünyaya öz dominantlığını nümayiş etdirmək istədisə də, bu, dünya ölkələrinin heç vecinə də olmadı. Dünya artıq "rus ayısı"nı əvvəlkitək qəbul etmir. 11. Rəsmi mənbələrdən başqa, digər informasiya qaynaqlarına giriş imkanları olmayan Rusiya vətəndaşları tam informasiya təcridinə düşdü. İctimai rəylə manipulyasiyanın səviyyəsi onu göstərdi ki, Rusiya cəmiyyətinə ciddi təhlükə yaranıb. 12. Rusiya hakimiyyətinin nəzarətində olan KİV orqanları gürcü xalqını təhqir etməkdən belə çəkinmədi. Bir çox jurnalistlər gürcüləri "qrızun" ("gəmirici" - red) kimi ifadələrlə adlandırdılar ki, bu da Rusiyada şovinizmin mövcudluğunu təsdiqləyir. Bu kimi münasibətlərin mövcudluğu gürcü-rus xalqları arasında uzun müddət düşmənçilik hisslərinin davam edəcəyinə əsas verir. Beynəlxalq ekspertlər hesab edirlər ki, Qafqazda baş vermiş münaqişə dünyada qüvvələr balansını dəyişdirəcək. Bundan sonra Rusiya ilə ABŞ arasındakı münasibətlər açıq qarşıdurma müstəvisinə keçəcək: - birincisi, MDB-nin perspektivi sual altına düşüb. Gürcüstanın bu təşkilatdan çıxdığını bəyan etməsindən sonra Ukrayna da analoji addım atmaq niyyətindədir. Bu proses daha sonra MDB-nin növbəti ölkələrini - Moldova və Azərbaycanı da əhatə edə bilər. Beləliklə, ekspertlərin proqnozlarına görə, yaxın vaxtlarda MDB dağılacaq və onun mövqeyində Kollektiv Təhlükəsizliyə dair Saziş Təşkilatı çıxış edəcək; - ikincisi, ABŞ Şərqi Avropada Raket Əleyhinə Müdafiə Sistemlərinin qurulması prosesini sürətləndirəcək. Artıq dünən Vaşinqtonla Varşava arasında Polşa ərazisində RƏM sisteminin yerləşdirilməsinə dair saziş imzalanıb. Rusiya prezidenti Medvedyev bu sistemin Moskvaya qarşı yönəldiyini açıq elan edib; - üçüncüsü, Rusiyanın postsovet məkanındakı separatçı ərazilərlə əlaqələrini gücləndirəcəyi ehtimal olunur. Moskva yaxın vaxtlarda daha bir neçə respublikada - Ukraynada, Qazaxıstanda da belə qiyamçı bölgələr yarada bilər. Məqsəd postsovet məkanının sürətlə Qərbə doğru irəliləməsinin qarşısını almaqdır; - dördüncüsü, Rusiya qarşıdakı qış aylarında Avropada enerji qıtlığının yaranması üçün əlindən gələni edəcək. Kreml bu yolla bir növ Osetiya məsələsində rəsmi Tbilisinin mövqelərini dəstəklədikləri üçün Avropa ölkələrindən qisas alacaq; - beşincisi, Rusiya Gürcüstanın siyasi rejiminin dəyişdirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. Saakaşvilinin total gözdənsalma kampaniyasına start veriləcək və onun yerinə gələcək lider formalaşdırılacaq. Kreml Saakaşvilinin yerinə gələcək liderin balanslı siyasət yürütməsində iddialı olduğunu ortaya qoyacaq. Kreml ancaq bu təqdirdə rəsmi Tbilisiyə Cənubi Osetiya və Abxaziya üzərində nəzarəti bərpa etməyə imkan verə biləcəyini bəyanlayacaq; - altıncısı, Rusiya Qafqazdakı enerji layihələrində öz payını əldə etmək istiqamətində səylərini davam etdirəcək. Qərb bu yolda onunla müəyyən danışıqlara girmək məcburiyyətindədir; - yeddincisi, Gürcüstan məsələsində Rusiyaya güzəştə getmək məcburiyyətində qalan ABŞ və Qərb İran məsələsində müəyyən dividendlər əldə edə bilər. Böyük ehtimalla yaxın vaxtlarda ABŞ-ın diqqəti yenidən İrana yönələcək və bu zaman Rusiya müəyyən məsələlərdə Vaşinqtona yardım edə bilər. Ən azı Kreml müəyyən məsələlərdə "fəaliyyətsizlik" göstərəcək. Bu ehtimalın nə dərəcədə real olması bir çox mübahisələrin mövzusudur. "Gürcüstan və bu ölkənin vətəndaşları Birləşmiş Ştatların dəstəyindən məhrum olmayacaqlar". APA-nın məlumatına görə, bu fikirləri ABŞ prezidenti Corc Buş SNN telekanalı ilə çıxışında söyləyib. Rusiyanı Gürcüstandan qoşunlarını çıxarmağa çağıran ABŞ prezidenti bildirib ki, Moskva qonşu ölkə ərazisinə qoşun yeritməklə Qərb qarşısında etimadını itirib: "Münasibətlərin pisləşməsi nə bizə, nə də Moskvaya lazımdır. Rusiya onu beynəlxalq aləmdən təcrid edəcək siyasəti davam etdirib-etdirməməyi özü müəyyənləşdirməlidir. Avropa, ABŞ və digər ölkələrlə münasibətləri normallaşdırmaq üçün Rusiya öz qonşularının azadlıq hüququna hörmətlə yanaşmalıdır". "Rusiya hərbçiləri Gürcüstan ərazisini tərk etməsələr, Birləşmiş Ştatlarla Moskva arasında münasibətlər uzun müddətə pozula bilər". APA-nın "Qruziya-online" saytına istinadən yaydığı məlumata görə, bu bəyanatla Pentaqon rəhbəri Robert Geyts çıxış edib. O, ABŞ əsgərlərinin Gürcüstan ərazisində peyda olmasına zərurət yaranmadığını bildirib: "Bizim əsgərlərin Gürcüstana getməsinə ehtiyac yoxdur, çünki Rusiya tərəfi prinsip baxımından atəşkəs şərtlərinə riayət edir. Belə görünür ki, ruslar geri çəkilməyə hazırlaşırlar. Hər bir toqquşmanın təfərrüatlarını aydınlaşdırmaq çətindir, amma ümumilikdə götürdükdə Rusiya qoşunları hərəkət etməkdədir". Robert Geyts Rusiya hərbçilərinin hansı istiqamətdə hərəkət etdiyinə aydınlıq gətirməyib. Bu arada Britaniyanın "The Times" qəzeti yazıb ki, Pentaqon bir sıra casus peyklərinin fəaliyyət istiqamətini dəyişib və onları Qafqaz ərazisinə yönəldib. Hazırda Qafqaz bölgəsi Pentaqonun peyk nəzarəti altındadır. "Abxaziya və Cənubi Osetiyanın statusu müəyyənləşdirilən zaman Gürcüstanın ərazi bütövlüyü prinsipindən çıxış etmək zəruridir". Bu fikirləri isə Almaniyanın federal kansleri Angela Merkel Soçidə Rusiya prezidenti Dmitri Medvedyevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında söyləyib. Dmitri Medvedyev isə bildirib ki, bu ərazilərin statusunu orada yaşayan xalqlar müəyyənləşdirməli, Rusiya isə Qafqazda təhlükəsizliyin qarantı kimi bu qərarla razılaşmalıdır. O əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri Abxaziya və Cənubi Osetiya xalqlarının seçəcəyi statusun qarantı rolunda çıxış edəcəklər. Qeyd edək ki, Angela Merkel bu gün Tiflisə gələcək. O, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Tiflislə Moskva arasında yaranmış münaqişənin nizamlanması istiqamətində danışıqlar aparacaq. Dünən ABŞ-ın dövlət katibi Kondoliza Raysın Gürcüstana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, dövlət katibi Gürcüstan prezidenti ilə təkbətək danışıqlar aparıb. Qeyd edək ki, ABŞ dövlət katibi Rusiya ilə Gürcüstan arasında imzalanacaq sülh sazişinin mətnini Tiflisə gətirib. "Atəşin dayandırılması haqqında planlaşdırılan və prezident Saakaşvilinin imzalamalı olduğu saziş Gürcüstanın maraqlarını müdafiə edir". APA-nın "Associated Press" agentliyinə istinadən yaydığı məlumata görə, bu fikirləri Tiflisdə səfərdə olan ABŞ-ın dövlət katibi Kondoliza Rays söyləyib. Onun sözlərinə görə, imzalanacaq saziş çərçivəsində ilk addım olaraq Rusiya qoşunlarının gürcü ərazilərindən çıxarılması nəzərdə tutulur: "Digər mürəkkəb məsələlər isə sonra həll oluna bilər. ABŞ heç zaman Gürcüstana bu ölkənin maraqlarını təhlükə altında qoyacaq saziş imzalamağı təklif etməz". Dünən axşam prezident Saakaşvili bu sazişi imzalayıb. "Ukrayna və Gürcüstan təcili olaraq NATO-ya tamhüquqlu üzv qəbul olunmalıdır". Bu bəyanatla isə Estoniya prezidenti Xendrik İlves çıxış edib. O, bu dövlətləri hərbi alyansa qəbul etməkdə tərəddüd hissi keçirən NATO ölkələrini baş verən son hadisələrdən nəticə çıxarmağa çağırıb: "Rusiyanın Gürcüstana hücumu NATO üzvlərinin Gürcüstan və Ukraynanın hərbi alyansa qəbulu ilə bağlı tərəddüdlərinə son qoymalıdır. NATO ölkələri təcili olaraq Ukrayna və Gürcüstan deyilən ölkədən nə qalıbsa, onu təcili olaraq hərbi alyansa üzv qəbul etməlidir". Gürcüstan müxalifətinin lideri Levan Qaçeçiladze isə ölkənin siyasi spektrində ciddi fikir ayrılığı olduğu barədə Rusiya kütləvi informasiya vasitələrinin yaydığı məlumatı təkzib edib. Levan Qaçeçiladze rus jurnalistlərin onun fikirlərini təkzib etdiyini bildirib: "Mən ruslara açıqlamamda növbədənkənar seçkilər barədə bir kəlmə belə işlətməmişəm. Nə qədər ki, gürcülərin ümumi düşməni var, biz bir olacağıq. Bu gün Gürcüstana lazım olan əsas şey sülhdür və biz buna birlikdə nail olacağıq. Nə qədər ki, Gürcüstanda rus tankları dayanıb, ruslar hakimiyyət daxilində parçalanmanı yalnız xəyal edə bilərlər". Osetiyadakı münaqişə hər iki tərəfə ciddi maddi ziyan vurub. Belə ki, Rusiyanın Gürcüstan ərazisində həyata keçirdiyi hərbi əməliyyatlar bu ölkəyə hər gün 2,5 milyard rubla başa gəlir. APA-nın "newsru.com" saytına istinadən yaydığı məlumata görə, bu nəticəyə Strategiya və Texnologiyaların Analizi Mərkəzinin analitikləri gəliblər. Analitiklər həmçinin müharibənin bir gününün Gürcüstan büdcəsinə 4,8 milyard rubl ziyan vurduğunu bildirirlər. Hesablamalar tərəflərin müharibədə itirdikləri hərbi texnika və dağıdılan infrastrukturun dəyəri nəzərə alınmaqla aparılıb. Bu arada dünya dövlətləri Gürcüstana humanitar yardım göstərməkdə davam edirlər. Bu dövlətlər arasında Azərbaycanın da adı var. Dünən prezident İlham Əliyev Gürcüstanda baş verən münaqişə nəticəsində yaranmış dərman çatışmazlığı problemini nəzərə alaraq, qonşu ölkəyə humanitar yardım etmək üçün Səhiyyə Nazirliyinə tapşırıq verib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi məlumata görə, bu tapşırıq əsasında Gürcüstanın Səhiyyə Nazirliyinə 400 adda dərman preparatları və tibbi ləvazimatlarla yüklənmiş 5 maşın göndərilib. Təxminən 400 min manat dəyərində olan 25 tonluq humanitar yardım əsasən reanimasiya, travmatologiya, cərrahiyyə sahələrinə aid dərmanlardan ibarətdir. Hazırda dərman qıtlığı problemi ilə üzləşən Gürcüstana digər sahələr üçün də yüksək keyfiyyətli bütün lazımi preparatlar göndərilib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar