SON XƏBƏRLƏR

Qarabağ üçün uğurlu presedent_Bahəddin Həziyev

2021.10.20, 07:36
Qarabağ üçün uğurlu presedent_Bahəddin Həziyev

Gunaz.tv
yazar_iqfpoj0n.gif Bahəddin Həziyev [email protected]/* */ Qarabağ üçün uğurlu presedent Gürcüstan Xorvatiyanın yolu ilə getdi. Bəs Azərbaycan nə edəcək? Bir çox siyasətçilər və ekspertlər Gürcüstan ordusunun Cənubi Osetiyaya girməsini risqli addım adlandırdılar. Bununla tamamilə razıyam. Çünki Cənubi Osetiyanın arxasında açıq-aşkar Rusiya dayanır. Bunu heç gizlətmir də. Rusiya çoxdan Abxaziyanı və Cənubi Osetiyanı özünün ərazisinin bir hissəsi sayır və elə də rəftar eləyir. Hətta həmin bölgələrin əhalisinə Rusiya pasportları da verilmişdi. Bunu əsas götürərək Rusiya həmin əhalini özünün vətəndaşları adlandırır və «öz vətəndaşlarını qorumaq üçün» Gürcüstana hərbi müdaxilə edəcəyi ilə hədələdi. Əlbəttə, Gürcüstanın bu addımı son zərurətdən doğub. Amma onun belə qətiyyətli hərəkəti bir neçə versiya doğurub: ya bu, Rusiya və ABŞ-la, eləcə də, Avropa paytaxtları ilə razılaşdırılıb, ya təkcə ABŞ və Avropa ilə razılaşdırılıb, ya da Gürcüstan onların hamısını fakt qarşısında qoyub. Gürcüstan prezidenti Saakşvili hələ ilk prezidentlik müddətində bəyan eləmişdi ki, Abxaziyanı və Cənubi Osetiyanı Gürcüstana qaytaracaq. Belə bir fikir də var ki, Gürcüstan NATO məsələsinin həll olunması ərəfəsində belə addım atmaqla Şimali Atlantikaya qəbulu ehtimalına zərbə vurub. Amma məsələyə başqa tərəfdən də baxmaq olar. Gürcüstan Abxaziya və Cənubi Osetiya üzərində öz suverenliyini bərpa etmədən NATO-ya getdikdə bu bölgələrin dərhal və aşkar şəkildə Rusiyaya ilhaq olunacağından ehtiyatlanır. Axı Rusiya Dövlət Dumasının səhv etmirəmsə, 2004-cü ildə qəbul etdiyi bir qanun var. Həmin qanuna görə, başqa dövlətlər və ya ONLARIN BİR HİSSƏSİ Rusiya Federasiyasına qəbul oluna bilər. Bu qanun istənilən ölkənin istənilən ərazisinin Rusiyaya qatılması üçün yaradılmış, təbii ki, beynəlxalq hüquqa da uyğun olmayan bir «hüquqi» mexanizmdir. Əlbəttə, bu məsələnin başqa tərəfidir. Fakt odur ki, Gürcüstan Cənubi Osetiyanı öz nəzarətinə qaytarmağa çalışır. Bu, Xorvatiyanın Serb Krainasını öz nəzarətinə qaytarmaq üçün apardığı üç günlük hərbi əməliyyatı xatırladır. Xorvatiyanın içində öz müstəqiliyini elan etmiş, Serbiyanın və onun o zaman arxasında duran Rusiyanın aşkar dəstəklədiyi Serb Krainası bizim Qarabağ kimi bir şey idi. Xorvatiyanın o zamankı (indi mərhum) prezidenti Franyo Tucman atəşkəs sazişi imzalayaraq Amerikalı hərbi inspektorları ölkəyə çağırdı. NATO standartlarına uyğun güclü ordu qurduqdan sonra əməliyyat aparıb Serb Krainasını azad etdi. Az sonra Xorvatiya NATO-nün üzvü oldu. Gürcüstan da həmin yolla getdi. Amerikadan və Türkiyədən olan hərbi mütəxəssislər Gürcüstan üçün güclü ordu qurdular və indi NATO standartlarına uyğun olan həmin ordu Sxinvaliyə girib. Gürcüstan da tezliklə NATO üzvü olmağı düşünür. Bütün bunlar məlum. Bəs bu hadisənin Azərbaycana nə kimi təsiri ola bilər? Bu suala cavab axtararkən ağla gələn birinci o olur ki, Rusiya durumdan yararlanaraq Gürcüstana müdaxilə etsə, Azərbaycanın Qərbə hər cür çıxışı bağlanacaq. Bunun nəticələrini təsəvvür etmək isə çətin deyil. Amma başqa məqamlar da var: əvvəla, ərazisinin Ermənistan tərəfindən işğal olunmuş hissəsində – Qarabağda separatçı rejim qurulmuş Azərbaycan üçün Gürcüstanın Cənubi Osetiyanı öz nəzarətinə qaytarması bir əhəmiyyətli presedent ola bilər. İkincisi, bu hadisə «Qarabağ probleminin hərbi yolla həlli yoxdur» deyən Qərbin Azərbaycanı qarşı işlətdiyi arqumentini əlindən alır. Üçüncüsü bu hadisə Azərbaycanın gözündə Qərbi sınaq testi olacaq: Amerika Gürcüstanı sonadək dəstəkləyə biləcəksə, o zaman Azərbaycanın NATO-ya doğru hərəkətində tərəddüdlər üçün əsas azalacaq. Hər bir halda Gürcüstanın bu addımı əgər sonadək uğurla nəticələnərsə, Azərbaycan üçün çox mühüm müsbət əhəmiyyət daşıyır. Hətta Gürcüstan oradan çıxarılmağa və danışıqlar masası arxasında oturmağa vadar edilsə belə, artıq situasiya əvvəlki kimi olmayacaq və Gürcüstan ən azı öz suverenliyinin bərpasında qətiyyət göstərdiyini ortaya qoyub. Bir Kosovo presedenti vardı. Amma onun əvəzinə Cənubi Osetiya presedenti yarandı. Bəs Azərbaycan nə edəcək? Serbiya kimi ərazisinin bir hissəsinin parçalanmasına razılaşacaq, yoxsa Gürcüstan kimi hücum əmri verəcək? Azərbaycan Gürcüstanı müdafiə etdi. İlk addım doğrudur. bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar