SON XƏBƏRLƏR

“Qərbi Azərbaycan Əyalətində əlavə 8 min dərs otağına ehtiyac var”

2021.10.20, 07:36
“Qərbi Azərbaycan Əyalətində əlavə 8 min dərs otağına ehtiyac var”

Gunaz.tv

GünAz TV: Təhsil Nazirliyinin Qərbi Azərbaycan Şöbəsinin rəisi İbrahim Məhəmmədi təmsil etdiyi əyalətdə təhsil sahəsində olan çatışmazlıqlardan söz açıb.


O bu barədə Təhsil Şöbəsi Şurasının iyulun 15-də Qərbi Azərbaycan Valiliyinin salonunda keçirdiyi ikinci iclasda danışıb.


Təhsil Şöbəsinin əsas probleminin personal, dərs otqaları və avadanlıqlardan ibarət olduğunu deyən İ.Məhəmmədi əyalətin mərkəzi şəhərinin də bu vəziyyətdən əziyyət çəkdiyini deyib. Onun sözlərinə görə, Urmiyə şəhəri Piranşəhr və Sərdəştdən sonra dərs otağı çatışmazlığı baxımından Qərbi Azərbaycan Əyalətində üçüncü şəhərdir.


Təhsil Şöbəsinin rəisi əyalətdə əlavə minlərlə dərs otağına ehtiyac olduğunu xüsusi vurğulayıb. “Qarşıdakı yeni dərs ilində birinci dəfə olaraq müəllim problemi öz həllini tapacaq. Artıq heç bir məktəb və dərs otağı müəllimsiz qalmayacaq. Ötən il 1758 müəllim əyalətin təhsil şöbəsinə cəlb olunub, bu il isə 910 nəfərin cəlb olunacağı gözlənilir. Lakin dərs otağı problemi öz həllini tapmayıb. Əyalətin təcili olaraq 8 min dərs otağına ehtiyacı var. Dövlət və xeyriyyəçilər bu məsələyə diqqət yetirməlidir.”- deyə o bildirib.


Xatırladaq ki, Güney Azərbaycanın bütün əyalətlərində təhsil ocaqları binalarının yetərsiz, köhnə və bərbad vəziyyətdə olduğu barədə dəfələrlə məlumat yayılıb və yerli məsullar tərəfindən xəbərdarlıq edilib, lakin dövlət bu istiqamətdə hər hansı tədbir görməyib. Yeni tikilən məktəblərin böyük əksəriyyəti isə dövlət tərəfindən deyil, yerli xeyriyyəçi soydaşlarımızın şəxsi vəsaiti hesabına inşa edilib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar