SON XƏBƏRLƏR

“Qərbi Azərbaycanda onminlərlə ali təhsilli işsiz var”

2021.10.20, 07:36
“Qərbi Azərbaycanda onminlərlə ali təhsilli işsiz var”

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi Rza Nağızadə əyalətdə ali təhsilli insanlardan ibarət işsizlər ordusunun yarandığını deyib.

 

“Borna” xəbər agentliyinin yaydığı məlumata görə, R.Nağızadə cari ildə Qərbi Azərbaycanda işsizlik səviyyəsinin 14.9 faiz olduğunu deyib.

 

“Rəsmi statistik məlumata görə, 2016-cı ildə (hicri-şəmsi təqvimi ilə 1395-ci il) əyalətdə 32000 ali təhsilli şəxs işsiz olub, hazırda isə işsizlik səviyyəsi 14.9 faizdir. Qərbi Azərbaycan Əyaləti işsizlik səviyyəsinə görə ölkə əyalətləri arasında 17-ci yerdədir”- deyə o bildirib.

 

Onun sözlərinə görə, “Qərbi Azərbaycanda ümumilikdə 45 işədüzəltmə mərkəzi var, onlardan 41-i daxili, 4-ü isə xarici ölkələrdə işlə bağlı fəaliyyət göstərir. İşədüzəltmə mərkəzlərindən 11-i Urmiyə şəhərində yerləşir.”

 

“Universitetlərdə öyrəncilər üçün peşə fəaliyyəti xidmətlərinin təşkili, təhsil müəssisələrində müxtəlif ixtisasların tətbiq edilməsi, universitet məzunlarına minimum faizlə kredit verilməsi, sığorta və vergi güzəştləri, bacarıqlarını artırmaq üçün kurslar təşkil etmək və s. kimi yollarla ali təhsilli insanlar arasında işsizliyi azaltmaq mümkündür”- deyə o bildirib.

 

Qərbi Azərbaycan Kooperasiya, Əmək və Sosial Rifah İdarəsinin rəisi sözlərinin sonunda bildirib ki, 2016-cı ildə əhalinin siyahıyaalınması zamanı əyalət üzrə ən yüksək işsizlik səviyyəsi Sərdəşt (Sarıdaş), ən aşağısı isə Makı şəhərində qeydə alınıb.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən və ya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq olur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar