SON XƏBƏRLƏR

“İranla bir neçə həftə ərzində razılaşma əldə olunmalıdır”-Amerika rəsmisi

2022.02.08, 08:57
“İranla bir neçə həftə ərzində razılaşma əldə olunmalıdır”-Amerika rəsmisi

Gunaz.tv

O, bununla bağlı fevralın 7-də verdiyi açıqlamada bildirib.

“İranla razılığa gəlmək mümkündür, ancaq belə bir razılaşma dərhal əldə edilməlidir, çünki Tehran nüvə potensialını təkmilləşdirir”-deyə, Prays qeyd edib.

Fransa Xəbər Agentliyinin məlumatına görə, Amerika Dövlət Departamentinin sözçüsü deyib ki, Vyana danışıqlarının perspektivində bütün tərəfləri narahat edən əsas məsələlərə toxunan razılaşmanın mümkünlüyü görünür, ancaq yaxın həftələrdə razılaşma əldə olunmasa, İranın nüvə proqramını davamlı inkişaf etdirməyə çalışması Amerikanın danışıqlara qayıtmasını qeyri-mümkün edəcək.

Co Baydenin İran üzrə xüsusi nümayəndəsi Robert Mali fevralın 8-də Amerika nümayəndə heyəti ilə birlikdə Vyanada nüvə danışıqlarının bərpası iclasında iştirak edəcəyini təsdiqləyib.

Ancaq görünən odur ki, Amerika nümayəndə heyəti Vyanada keçirilən danışıqların əvvəlki yeddi raundunda olduğu kimi, bu dəfə də İranla danışıqlarda birbaşa iştirakçı olmayacaq.

Ancaq Amerikanın müttəfiqi olan üç Avropa ölkısi Fransa, İngiltərə və Almaniyanın yüksək səviyyəli nümayəndələri Rusiya və Çin nümayəndə heyətləri ilə birlikdə Vyana danışıqlarında İranın xarici işlər nazirinin müavini Əli Baqiri Kaninin başçılıq etdiyi nümayəndə heyəti ilə qarşılaşacaqlar.

Avropa Birliyinin baş müzakirəçisi Enrike Mora çərşənbə axşamı danışıqların səkkizinci raundunun başlandığını təsdiqləyib və danışıqları bərpa etmək üçün bütün tərəfləri kompromis ruhu nümayiş etdirməyə çağırıb. O, tviterdə yazıb ki, danışıqlar tezliklə başa çatmalıdır.

Vyana danışıqlarının bərpası ərəfəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Tehranın “digər tərəflər, özəlliklə də Vaşinqton tərəfindən zəruri qərarların veriləcəyini” gözləyir, əks halda danışıqlarda açılış olmayacağını deyib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da bazar ertəsi günü sanksiyaların ləğvində İranın tələblərinin bir hissəsinin nəzərə alınmadığını, ancaq  “İran nümayəndə heyətinin Vyana danışıqlarına nikbinlik, mehribanlıq və ciddiliklə" qayıdacağını iddia edib.

Bu arada Vyana danışıqlarının bərpası ərəfəsində danışıqlar prosesini həssaslıqla izləyən İsrail yüksək səviyyəli rəsmisini Vaşinqtona göndərib.

İsrail mediası ölkənin milli təhlükəsizlik üzrə müşaviri Eyal Xulatanın bazar ertəsi gecə Amerika rəsmiləri ilə Ağ Evdə görüşmək üçün Vaşinqtona getdiyini və diqqəti İrana yönəltdiyini bildirib.

İsrailin “Valenews” saytının məlumatına görə, Xulatanın amerikalı həmkarı Ceyk Sullivan və digərləri ilə görüşü nəzərdə tutulub. 
Son günlərdə İsrailin milli təhlükəsizlik müşaviri təsdiq edib ki, İsrail hökuməti İran və Co Bayden hökuməti ilə nüvə sazişi haqqında "ortaq fikrə" malik deyil.

Qeyd edək ki, fevralın 7-də İsrailin baş naziri Naftali Bennet deyib ki, Vyanada aparılan müzakirələr İranın nüvə gücünə çevrilməsinin qarşısının alınmasını daha da çətinləşdirəcək.

"İran İsrail üçün ən önəmli təhlükədir. Biz Nazirlər Kabineti olaraq İrandan gələn nüvə təhlükəsinin qarşısını almaqla bağlı məsuliyyət daşıyırıq və Vyana danışıqlarında baş verənləri yaxından izləyirik"-deyə, Bennet bildirib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar