SON XƏBƏRLƏR

Erməni Şaverdiyan başda olmaqla bir neçə iranlı deputat Azərbaycan əleyhinə sərsəm bəyanat yayıb

2021.10.20, 07:36
Erməni Şaverdiyan başda olmaqla bir neçə iranlı deputat Azərbaycan əleyhinə sərsəm bəyanat yayıb

Gunaz.tv

İranlı deputatlar Azərbaycan Respublikasına və onun rəhbərliyinə qarşı təhdid və təhqir dolu sərsəm bəyanatlar yayıblar.

Deputatların ayrı-ayrılıqda yaydığı bəyanatları İranın “İsna” xəbər agentliyində öz əksini tapıb.


GünazTV saytı həmin deputatların “Twitter”də etdiyi paylaşımlarını oxucuların diqqətinə çatdırır.


İran parlamentinin erməni deputatı Ara Şaverdiyan öz tvitində Azərbaycanı regionda ekspansionist siyasət yürütməkdə günahlandırıb.


“Ötən bir il ərzində Bakı hökuməti İranın xoş niyyətli olmasının cavabını əsasən gərginlik yaratmaqla verib.

Lakin ekspansionist siyasət yeritmək sözsüz ki, bu ölkənin xeyrinə olmayacaq və inqilab rəhbərinin (Xamneyi-red) buyurduğu kimi islam respublikası bölgədə geopolitik vəziyyətin dəyişdirilməsinə reaksiya verəcək”, -deyə İran parlamentinin erməni deputatı Ara Şaverdiyan paylaştığı tvitində bildirib.

نماینده ارامنه در مجلس: سطح مراسم تحلیف نشان‌دهنده عدم توفیق دشمن برای منزوی کردن ایران بود

İran parlamentinin erməni deputatı Ara Şaverdiyan


İran parlamentinin rəyasət heyətinin üzvü Əlirza Səlimi isə öz paylaşımında Azərbaycan Respublikasının rəhbərliyinə öyüd-nəsihət verməyə çalışıb.


“Azərbaycan hökuməti öz çəkisini bildiyi halda görəsən niyə başqaları tərəfindən təhrik edilir. Cənab Əliyev bilin ki, sionistlər sizin xeyirxahınız deyillər.

Muğayat olun ki, onların ayağınızın altına atdığı banan qabığı sizin beyin travması almağınıza gətirib çıxarmasın”, deyə iranlı deputat Əlirza Səliminin etdiyi paylaşımında bildirilir.


İran parlamentinin digər deputatı Calal Rəşidi Kuçi isə öz paylaşımında Azərbaycanla yanaşı İsraili də təhdid edib.


“İran İslam Respublikasının qüdrətli sisteminin strateji səbrinin həddi-hüdudu var. Öz çaşqın xəyallarında əsassız xülya və fantaziyalar uyduran zəlil və bədbəxt düşmənlər bilməlidirlər ki, islam respublikasına və onun müttəfiqlərinə qarşı atdıqları hər bir güllənin qarşısında onlara bir raket payı düşəcək.

İkinci raket isə Tel-Əviv, Hayfa, Əkka və Aşdud şəhərlərinin payına düşəcək. Buna şübhəniz olmasın”, -deyə deputat Calal Rəşidi Kuçinin paylaşımında bildirilir.


Digər iranlı deputat Məsumə Paşayi isə öz paylaşımında Azərbaycan rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətmək üçün fars klassik poeziyasından istifadə edib. O, xalq dilində artıq məsələ dönmüş, hansısa rəqibi və ya düşməni alçaltmaq üçün işlədilən şeirin bir beytindən faydalanıb.


 “Cənab İlham Əliyev, bütün bu dostluq və qardaşlığa hayıflar olsun. Bilinmir ki, bunları nəyə qurban verirsən.


Şeirin tərcüməsi:  Ey milçək, Simurqun uçduğu zirvə sənin seyirgahın deyil, özünü biabır edir, bizi isə zəhmətə salırsan”, -deyə deputat öz paylaşımında yazıb.


Deputat Möhsün Əlizadə isə öz paylaşımında Azərbaycan Respublikasının tənbeh olunmasını vacib sayıb.


“Heç bir ana öz övladını tənbeh etməkdən zövq almır. Lakin nəsihətə qulaq asmayan övlad sözsüz ki, tənbeh olunacaq”, -deyə iranlı deputat Möhsün Əlizadənin etdiyi paylaşımında bildirilir.


Qeyd edək ki, İran parlamentinin daha bir neçə deputatı, o cümlədən də Məhəmmədrza Mirtaccəddini, Mehrdad Qudərzvənd Çegini, Vəhid Calalzadə, Seyid Əli Musəvi və s. deputatlar öz “Twitter” hesablarında Azərbaycan Respublikası hökumətinə və onun rəhbərliyinə qarşı təhdid və təhqir dolu oxşar səviyyəsiz və sərsəm paylaşımlar ediblər. 


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar