SON XƏBƏRLƏR

Rusiyanın mandatı ləğv edilə bilər

2021.10.20, 07:36
Rusiyanın mandatı ləğv edilə bilər

Gunaz.tv
Rusiyanın mandatı ləğv edilə bilər Elman Nəsirov: "Artıq Moskvaya təzyiqlər başlanıb" "Cənubi Osetiya kompromisə meylli tərəf kimi görünə bilər" Gürcüstanla Cənubi Osetiya arasında başlanan qarşıdurma müvəqqəti olaraq özünün sabit dövrünə qədəm qoysa da, proseslərin yenidən gərginləşəcəyi və regionda qarşıdurmanın alovlanacağı istisna edilmir. Xüsusilə Qərbin son hadisələrdə rəsmi Tiflisi birmənalı şəkildə müdafiə etməsi Rusiyanı ciddi narahat etməyə başlayıb. Birləşmiş Ştatlar və Qərbin regiondakı maraqlarına ciddi zərbə vurmaq üçün Rusiyanın gürcü-osetin sərhəddi boyunca yenidən qarşıdurma yaradacağını istisna etməyən beynəlxalq müşahidəçilər bütün bunlara baxmayaraq, proseslərin Kremlin ziyanına işləyəcəyi qənaətindədirlər . Beynəlxalq məsələlər üzrə ekspert Elman Nəsirov isə hazırda Rusiyanın Qərbin ciddi təzyiqləri ilə üzləşdiyini deyir. Belə bir vəziyyətdə Rusiyanın sülhməramlı mandatının ləğv ediləcəyini də mümkün hesab edən Elman Nəsirov hazırda Azərbaycan üçün də unikal imkanların yarandığı qənaətindədir. Ekspert hesab edir ki, gürcü-osetin münaqişəsinin sonu olaraq Gürcüstanın beynəlxalq dəstəyi artar və rəsmi Tiflis bu proseslərdən siyasi və hərbi dividentlər əldə edərsə, o halda Azərbaycan da Dağlıq Qarabağda separatizmə qarşı mübarizə aparmaq üçün anoloji addımlar ata bilər. -Elman müəllim, hazırda gürcü-osetin münaqişə bölgəsindəki vəziyyəti necə qiymətləndirisiniz? -Hazırda gürcü-osetin münaqişə bölgəsində vəziyyət öz gərginliyini saxlamaqdadır. Gürcüstan 1992-ci ildən bəri Cənubi Osetiya üzərindəki legitim hüquqlarını itirmişdi və faktiki olaraq Cənubi Osetiya müstəqil şəkildə fəaliyyət göstərirdi. Məsələyə beynəlxalq hüquq prinsiplərindən yanaşılsa, Gürcüstanın bu addımı tamamilə legitim idi. Gürcüstan nəzarətindən çıxmış öz ərazilərini geri qaytarmağa çalışırdı və burada heç bir problem yox idi. Sadəcə bu məsələnin niyə məhz indi gündəmə gəlməsi bir qədər sual doğurur. Təbii ki, indiyə qədər Gürcüstan hökuməti məsələnin danışıqlar yolu ilə həlli variantına üstünlük verirdi. Lakin bu danışıqlar prosesinin heç bir nəticə verməməsi Gürcüstanı başqa vasitələrdən istifadə etmək məcburiyyətində qoydu. Hazırda Pekində 29-cu Yay Olimpiya Oyunları keçirilir və həm Birləşmiş Ştatlar prezidenti Corc Buş, həm də Rusiyanın baş naziri Vladimir Putin Pekində idi. Paralel olaraq Rusiya Federasiyasının dövlət başçısı Dmitri Medvedyev, eləcə də hökumətin əsas rəhbər şəxsləri istirahətdə idi. Belə bir vəziyyətdə Gürcüstan hökuməti sürətli hücuma keçərək Sxenvalinin mərkəzini ələ keçirmişdi. Əslində çox düşünülmüş şəkildə belə bir addım atılmışdı. Gürcüstan onu da bilirdi ki, Rusiya belə bir vəziyyətdə cavab zərbələri endirməyə çalışacaq. Rəsmi Tbilisi bunu hesablamışdı. Ona görə də Gürcüstan hökuməti geniş miqyaslı beynəlxalq təbliğata başladı. Artıq dünyanın əksər ölkələri, xüsusilə də Qərb dövlətləri Rusiyanın təcavüzündən bəhs edirlər. Yeri gəlmişkən, Birləşmiş Ştatlarda prezidentliyə namizəd Con Makkeynin bu hadisələrin fonunda mövqeyi xeyli möhkəmlənib. Con Makkeyn onsuz da Rusiyanın "Böyük səkkizlik"dən çıxarılmasını istəyirdi. Gürcüstan hadisələrindən sonra Con Makkeynin söylədiyi fikirlər xeyli dərəcədə samballı görünməyə başladı. -Faktiki olaraq hazırda Gürcüstan Rusiya ilə savaş edir. Sizcə, bunun sonu necə olacaq? -Beynəlxalq kütləvi informasiya vasitələri də bunu Gürcüstan-Cənubi Osetiya qarşıdurması kimi deyil, Rusiya-Gürcüstan müharibəsi kimi qiymətləndirirlər. Belə bir vəziyyətdə bir sıra versiyalar üzərində düşünmək mümkündür. Bir tərəfdən Gürcüstan öz gücünü nümayiş etdirdi və ərazilərini hətta güc yolu ilə geri qaytarmaq iqtidarında olduğunu göstərdi. Bundan sonra Cənubi Osetiya-Gürcüstan münasibətlərində Cənubi Osetiya bir qədər daha yumşaq, kompromisə meylli tərəf kimi görünə bilər. Üçüncü versiya ondan ibarətdir ki, Rusiya belə bir vəziyyətdə Gürcüstanın NATO-ya üzvlüyünün tam qarşısını almaq üçün səylərini artırır. Eyni zamanda beynəlxalq birliyə bir daha onu təqdim etmək istəyir ki, Gürcüstan heç zaman NATO-ya üzv qəbul oluna bilməz. Bu məqsədlə Rusiya Gürcüstana təzyiqləri artırmaqdan da belə çəkinmir. Eyni zamanda Rusiya Cənubi Oestiyanın Gürcüstanın tərkibinə daxil edilməsi imkanlarını da sıfra endirmək istəyir. Bütün bunların fonunda proseslərin yenidən status-kvo vəziyyətinə qayıtması da mümkün görünür. Yəni, Gürcüstan-Cənubi Osetiya münaqişəsi başlayana qədər mövcud olan vəziyyətə qayıdış başlayır. Ancaq bütün mənalarda əvvəlki status-kvo vəziyyətinə qayıdış heç də tamamilə mümkün olmayacaq. Çünki bununla bağlı həm Birləşmiş Ştatlar, həm Avropa İttifaqı, həm də NATO-nun nümayəndələri Gürcüstana gəlib və açıq şəkildə Rusiyaya təzyiqlər başlayıb. Bundan başqa Baltikyanı ölkələr, Latviya, Litva, Estoniya və Polşanın dövlət başçılarının son hadisələrlə bağlı bəyanatları səsləndirildi və adı çəkilən ölkələrin prezidentləri Gürcüstana gələrək rəsmi Tiflisə açıq şəkildə dəstək nümayiş etdirdilər. Bütün bu bəyanatlar və verilən açıqlamalarda Rusiyanın hərəkətləri işğalçılıq kimi təqdim olunur. Bütün bunların nəticəsi olaraq mümkündür ki, Rusiyanın regiondakı sülhməramlı missiyası sual altına düşsün. hazırda Rusiya sülhməramlıları Birləşmiş Millətlər Təşkilatının mandatı altında fəaliyyət göstərir və ola bilsin ki, yaxın günlərdə BMT-nin Təhlükəsizlik Şurasında Rusiya Federasiyasına verilmiş bu mandat ləğv edilə bilər. Rusiyanın son davranışı belə bir prosesin baş verəcəyini mümkün edir. Çünki Rusiyanın açıq şəkildə separatçı Cənubi Osetiya və Abxaziyanı müdafiə etməsi onun sülhməramlı missiyasını şübhə altına alır. Ona görə də beynəlxalq təzyiqlərin fonunda Rusiyanın bu mandatı ləğv edilə bilər. Paralel olaraq əraziyə beynəlxalq sülməramlı qüvvələri yerləşdirilə bilər. Bütün bunlar mühüm variantlardan biri kimi nəzərdən keçirilməkdədir. Hələ bir müddət əvvəl Rusiyanın təkidi liə iki dəfə BMT-nin Təhlükəsizlik Şurasında münaqişədən əvvəl Cənubi Osetiyadakı vəziyyət müzakirə edilmişdi. Lakin müzakirələrin yekunu olaraq hər hansı bir qərarın qəbul edilməməsi rəsmi Moskvanı narazı salmışdı. Hətta Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Cənubi Osetiyada münaqişənin başlamasının səbəbini BMT Təhlükəsizlik Şurasının müşahidəçilik statusunda qalması ilə əlaqələndirmişdi. Hazırkı vəziyyətdə isə Birləşmiş Ştatlar bununla bağlı qərar layihəsi təqdim edib və istisna deyil ki, Rusiyanın son addımlarını kəskin tənqid edən sənəd ortaya çıxsın. Cərəyan edən proseslər onu deməyə əsas verir ki, əslində Gürcüstan-Rusiya deyil, Rusiya-Qərb münasibətləri müzakirə olunur. Yaxın vaxtlarda münasibətlərin xeyli gərginləşəcəyi istisna edilmir. Belə bir vəziyyətdə Gürcüstanın dekabr ayında NATO-ya daxil olması məsələsi bir qədər də aktuallaşa və reallaşa bilər. -Baş vermiş hadisələrin Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycana təsiri necə olacaq? -Hərbi əməliyyatlar zamanı bu ölkədə yaşayan soydaşlarımızın ciddi əziyyət çəkməsi, o cümlədən Gürcüstanla olan sıx münasibətlər təbii ki, Azərbaycanı narahat etməyə bilməz. Digər tərəfdən hazırda mühüm əhəmiyyətli Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri ciddi təhlükə altındadır. Azərbaycan dövlətinin sözügedən münaqişə ilə bağlı mövqeyi bəllidir. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq və ona hörmət edirik. Hazırkı vəziyyətdə Azərbaycanın Gürcüstanı siyasi və humanitar səviyyədə müdafiə etməsi mümkündür. Digər aspektlərdə isə müdafiənin olması çox təhlükəlidir. Çünki hərbi nöqteyi-nəzərdən müdafiə etmək üçün hüquqi baza da yoxdur. Çünki iki ölkə arasında qarşılıqlı öhdəliyi özündə ehtiva edən öhdəlik mövcud deyil. -Gürcüstanın Cənubi Osetiyada hərbi əməliyyatlara başlaması və bunun separatizmə qarşı mübarizə kimi qiymətləndirilməsi Azərbaycana Dağlıq Qarabağda anoloji addım atmağa nə dərəcədə əsas verir? Sizcə, Azərbaycan belə bir addım atarsa Qərb dövlətləri, o cümlədən Birləşmiş Ştatlar Gürcüstan kimi Azərbaycanı da müdafiə edəcəkmi? -Heç şübhəsiz ki, hər şey hadisələrin gedişindən və son nəticədən asılı olacaq. Əgər Gürcüstanın Cənubi Osetiya ilə bağlı son dərəcə risqli davranışı rəsmi Tbilisiyə siyasi və hərbi dividentlər gətirərsə, o cümlədən Gürcüstanın mövqeyi bu məsələdə xeyli möhkəmlənərsə. belə bir vəziyyətdə Azərbaycanın da anoloji addım atması prinsipcə mümkündür. Bu zaman Dağlıq Qarabağ probleminin həllinin danışıqlar müstəvisindən hərbi müstəviyə transferi məsələsi daha asan görünə bilər. Bu Azərbaycan-Ermənistan danışıqlarının gedişatı və onun formatına da təsir göstərə bilər. Problemin həlli istiqamətində Azərbaycanın danışıqlar prosesində Ermənistana qarşı ultimatom dilində danışması üçün yaxşı imkanlar yaranmış olur. Çünki beynəlxalq birliin oxşar vəziyyətdə Gürcüstanı birmənalı şəkildə müdafiə etməsi və bu proseslərin Rusiyanın Gürcüstana təcavüzü kimi dəyərləndirilməsi Azərbaycan üçün unikal imkanlar yaratmış olur. Süleyman olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar