SON XƏBƏRLƏR

RUSİYANIN TÜRKİYƏ POMİDORUNA MÜNASİBƏTİNDƏ SİYASİ AMİLLƏR VAR

2021.10.20, 07:36
RUSİYANIN TÜRKİYƏ POMİDORUNA MÜNASİBƏTİNDƏ SİYASİ AMİLLƏR VAR

Gunaz.tv
RUSİYANIN TÜRKİYƏ POMİDORUNA MÜNASİBƏTİNDƏ SİYASİ AMİLLƏR VAR Azad İstehlakçılar Birliyi bu tərəvəzin tez yetişdirilməsində kimyəvi maddələrdən istifadə olunduğunu istisna etmir A.ƏHMƏD Məlum olduğu kimi, Rusiya Türkiyədən gətirilən pomidorların ölkə daxilində satışına qadağa qoyub. Türkiyənin kənd təsərrüfatı və səhiyyə qurumları Rusiyanın zəhərli pomidorlarla bağlı ittihamlarına cavab verib. Türkiyə mətbuatının yazdığına görə, pomidorlarda insan orqanizmi üçün zərərli maddələr aşkarlanmayıb. Rusiyanın iddiasına son qoymaq üçün məhsulların Avropa Birliyində yoxlanılması təklif edilib. Sahibkarlar qərarın qəbul edilməsində siyasi məqam olduğunu nəzərə alaraq məhsulları yerli bazarda satışa çıxarıblar. Buna görə də Türkiyədə pomidorun qiyməti ucuzlaşıb. Yeri gəlmişkən, Türkiyə eyni məhsulu Avropa Birliyi ölkələrinə ixrac etdiyini və bununla bağlı hansısa problemin yaranmadığını bəyan edib. Qeyd edək ki, artıq Azərbaycan bazarında da bu məhsulun qiyməti 1 manatadək ucuzlaşıb. Bazarlardakı satıcılar etiraf ediblər ki, pomidor bolluğu yaranıb. Pomidorun qiyməti isə xiyar və göyərtinin qiymətinə təsir edib. Məlum olduğu kimi, Türkiyədən ölkəmizə pomidor və digər kənd təsərrüfatı məhsulları gətirilir. Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri bəyan ediblər ki, Türkiyədə istehsal edilən meyvə-tərəvəz məhsulları Avropanın əksər ölkələrində satılır. Nazirlik rəsmiləri onu da bəyan ediblər ki, bazarlarda yerli pomidor digər ölkələrdən gətirilən məhsullardan bahadır. Amma indiyədək aparılan yoxlama və ya təcrübə zamanı pomidorun zəhərli olmasına dair nəticə əldə edilməyib. Ona görə də Rusiyanın bu qərarının siyasi xarakterli olması söylənilir. Yeri gəlmişkən, nazirlik əməkdaşları Rusiyanın pomidor satışına qadağa tətbiq etməsindən sonra yerli bazarda qiymətin ucuzlaşmasını proqnozlaşdırırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda və qonşu ölkələrdə insan orqanizmi üçün xeyirli olmayan pomidor və digər tərəvəz növləri yetişdirilir. Birlik sədri kənd təsərrüfatı məhsullarının orqanizmə ziyanını onların yetişdirilməsində külli miqdarda gübrələrdən, kimyəvi maddələrdən istifadə olunması ilə izah edir. O, bununla yanaşı, geni dəyişdirilmiş pomidor sortlarının əkildiyini də iddia edir. E.Hüseynov hesab edir ki, Azərbaycanda 10-dan artıq pomidor növünün yox olmasında bu amillərin rolu böyükdür: "Əvvəllər pomidor 24 saat ərzində keyfiyyətini itirdiyi halda, indi pomidoru bir həftə saxlayanda belə heç nə olmur. Süni yetişdirilən pomidorlar ziyanlıdır. Amma əfsuslar olsun ki, istehlakçıların bunu incələmək imkanı məhduddur". Birlik sədri Azərbaycanda hansısa bir tərəvəzin, meyvənin zəhərli olub-olmadığını müəyyənləşdirəcək müstəqil ekspertizanın yoxluğunu vurğulayır. Onun sözlərinə görə, ölkədə zəhərlənmədən ölənlərin qeydiyyatı heç bir qurumda aparılmır: "Rəsmi mənbələrin heç birində Azərbaycanda bir nəfərin də olsun zəhərlənmədən dünyasını dəyişdiyi barədə məlumat yoxdur. Bu, mümkünsüzdür. Çünki dünyanın bütün ölkələrində zəhərlənmələrdən insanlar ölür". AİB sədri onu da deyib ki, indi daha çox istifadə olunan çiyələkdə, o cümlədən erkən çıxan qarpızda, yemişdə kimyəvi maddələr var. Odur ki, E.Hüseynov istehlakçıları ehtiyatlı olmağa çağırır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar