SON XƏBƏRLƏR

Sabiq “Sepah” komandanı: “Sepah Qasım Süleymaninin ölümündən 3 milyard dollar gəlir əldə edib”

2021.10.20, 07:36
Sabiq “Sepah” komandanı: “Sepah Qasım Süleymaninin ölümündən 3 milyard dollar gəlir əldə edib”

Gunaz.tv

GünAz TV: İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-red.) sabiq komandanlarından olan Həsən Abbasi qalmaqala səbəb olan bəyanatla çıxış edib.

 

O, bir neçə gün öncə etdiyi çıxışda bildirib ki, “Sepah” “Qüds Briqadası”nın sabiq komandanı Qasım Süleymaninin ölümünə görə 3 milyard, Ceyson Rzayiyana görə isə 1 milyard 700 milyon dollar gəlir əldə edib. Sabiq komandan qeyd edib ki, 3 milyard dolları “qan pulu” olaraq Qətər İran dövlətinə, sonuncu da öz növbəsində “Sepah”a verib. Həsən Abbasi çıxışı zamanı həmçinin “Sepah”ın ikili vətəndaşlığı olan insanları girov götürərək, öz gəlirlərini təmin etdiyini deyib.

 

Yanvarın 12-də Qətər əmiri Təmim bin Həməd Al Saninin Tehrana səfəri ilə bağlı bəzi mənbələr qeyd etmişdilər ki, o, “Sepah”ın raketlə vurduğu Ukrayna sərnişin təyyarəsində ölənlərə kompensasiya ödəməyə kömək təklif etmək üçün İrana səfər edib. Həmin kömək təklifinin məbləğinin 3 milyard dollar olduğu deyilirdi. Lakin İran hökumətinin sözçüsü Əli Rəbii yayılan xəbərləri təkzib etmişdi.

 

Digər tərəfdən, “Sepah”ın sözçüsü Ramazan Şərif Həsən Abbasinin sözlərini “əsassız” və “heç bir qanuni əsası” olmayan fikirlər adlandırıb. O, eyni zamanda Abbasinin sözlərinin “bədxahların Sepaha qarşı qarayaxma fəaliyyətlərinin alətinə çevrildiyi”ni deyib.

 

Tez-Tez Bəsic Qüvvələri və Əli Xamneyinin tərəfdarları qarşısında çıxış edən Həsən Abbasi səsləndirdiyi fikirlərə görə 2016-cı ildə İran ordusunun şikayəti ilə tutulub, bir neçə gün saxlandıqdan sonra buraxılmışdı.

 

Xatırladaq ki, İran saxta ittihamlarla həbs edərək girov saxladığı jurnalist Ceyson Rzayiyanı 2016-cı ilin yanvar ayının 16-da, nüvə razılaşmasının əməli olaraq icra edilməsinə start verilən gün azadlığa buraxılmışdı. İki ölkə arasında baş tutan tarixi məhbus mübadiləsi zamanı Amerika İrana doldurulmuş aktivlərindən 1.7 milyard dollar qaytarmışdı. Amerikalı respublikaçı siyasətçilər Obama administrasiyasının bu qərarını kəskin tənqid etmişdilər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar