SON XƏBƏRLƏR

Sadiq İsabəyli İranın 'mərkəziyyətçi müxalifətində' qeyri-fars qüvvələrin rolunu şərh edib – MÜSAHİBƏ

2021.10.20, 07:36
Sadiq İsabəyli İranın 'mərkəziyyətçi müxalifətində' qeyri-fars qüvvələrin rolunu şərh edib – MÜSAHİBƏ

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı fəal, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) İdarə Heyətinin üzvü Sadiq İsabəyli “Amerikanın Səsi”nə verdiyi müsahibədə İranın 'mərkəziyyətçi müxalifətində' qeyri-fars qüvvələrin rolunu şərh edib.

 

Onun sözlərinə görə, qeyri-fars icmalara mənsub qüvvələr İranın siyasi təşkilatlarında önəmli, amma məhdud bir rola malikdir. O deyir ki, bu qüvvələrə verilən rol fars mərkəzli siyasət çərçivəsinə görə müəyyən olunur.

 

“Amerikanın Səsi” ilə söhbətdə İranın siyasi mühitində qeyri-fars qüvvələrin rolunu və nüfuzunu dəyərləndirən siyasi şərhçinin fikrincə, “hətta mərkəziyyətçi təşkilatların üzvlərinin bəlki yarısından çoxu yenə də qeyri-fars qüvvələrə mənsub olan insanlardır.”

 

 “Əslində bizim əsasımız var bunu deyək ki, İranda qeyri-farsların sayı nisbətdə farsdan daha çoxdur. Hətta İran rəsmiləri dəfələrlə açıqlamalarında konkret sayı olaraq deməsələr də, qeyri-farsların əhalinin 70 faizini təşkil etdiyini açıqlayırlar. Biz türklərin sayını da nəzərə alsaq, farslara nisbət daha çoxdurlar,” Sadiq İsabəyli söyləyir.

 

İsabəyli İranın müasir siyasi tarixinin, xüsusilə hakimiyyət müxalifi hərəkatlarında qeyri-fars qüvvələrin başlıca rol oynadığına diqqət çəkir:

“Bu bu gün də belədir. Çünki böyük tarixi zaman keçməyib. Məsələn Xalqın Mücahidləri təşkilatını götürün... Ya digər mövcud təşkilatlar, solçu təşkilatların üzvlərində, onların liderlik kadrlarında qeyri-farsların sayı çoxdur. Bu qrupların formalaşmasında, bəzilərinin ortaya çıxmasında qüyri-fars millətlərin rolu olub.”

 

Türk fəal əlavə edir, “qeyri-fars millətlər bu təşkilatların təsisində təyinedici rol alıblar. Amma sonrakı proseslərdə onların tutdurğu mövqelər uğursuzluqla nəticələnib. Çünki, İranda fars mərkəzli düşüncə əsasında irəli aparılan proseslərdə bu qeyri-fars qüvvələrə verilən rol məhdud olub. O məhdud rol fars mərkəzli siyasətin çərçivəsində müəyyən olunur.”

 

Bəzi siyasi fəallara görə, üzləşdikləri zülmlər və basqılar səbəbilə qeyri-fars icmalara mənsub siyasi qüvvələr siyasi proseslərdə itaətkar davranmayıblar. Onlar o cümlədən, müvafiq olaraq türk və lur icmalarına mənsub və hazırda ev həbsində olan siyasətçilər Mir Hüseyn Musəvi və Mehdi Kərubbiyə işarə edirlər. Musəvi və Kərrubi Məhəmməd Xatəmi kimi siyasətçilərin əksinə ali ruhani liderin basqılarına boyun əyməyiblər.

 

Sadiq İsabəyli isə deyir ki, qeyri-fars icamalara mənsub siyasətçilər İranın siyasi tarixinin müxtəlif dönəmlərində önəmli qərarlar alıb, fəqət bu qərarların bədəlini də ödəyiblər.

 

“Biz gördük ki, Ruhani, Xatəmi və Rəfsəncani kimi siyasətçilər irəli sürdükləri ideyalar və şüarların arxasında konkret bir dirəniş göstərmədilər. Lakin qeyri-fars millətlərə mənsub olan siyasətçilər, hətta mərkəziyyətçilik və İrançılıq çərçivəsində apardıqları siyasətlərdə də tutduqları mövqelərin arxasında olub və bunun bədəlini də ödəyiblər. Bunun konkret nümunəsi olaraq Kərrubi və Musəvini görürük ki, bu gün o cəzanı da onlara tətbiq edirlər,” siyasi fəal deyir.

 

Müsahibənin audiosunu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/sadiq-i%CC%87sab%C9%99yli-i%CC%87ran%C4%B1n-m%C9%99rk%C9%99ziyy%C9%99t%C3%A7i-m%C3%BCxalif%C9%99tind%C9%99-qeyri-fars-q%C3%BCvv%C9%99l%C9%99rin-rolunu-%C5%9F%C9%99rh-edir/4984516.html

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar