SON XƏBƏRLƏR

SƏRKİSYAN TÜRKİYƏYƏ “DOSTLUQ” ƏLİ UZADIR

2021.10.20, 07:36
SƏRKİSYAN TÜRKİYƏYƏ “DOSTLUQ” ƏLİ UZADIR

Gunaz.tv
SƏRKİSYAN TÜRKİYƏYƏ “DOSTLUQ” ƏLİ UZADIR Ermənistan prezidenti “The Wall Street journal” qəzetinə məqalə yazıb 4756.jpg Ermənistan prezidenti Serj Sərkisyan növbəti dəfə Türkiyəyə dostluq əli uzadaraq Ankaranı sərhədləri açmağa, iki ölkə arasında münasibətlərin qurulmasına yaşıl işıq yandırmağa çağırıb. Sərkisyan bu barədə ABŞ-ın “The Wall Street Cournal” qəzetində dərc edilmiş məqaləsində bildirir. Onun məqaləsinin Türkiyə ilə yanaşı, ABŞ-ın işgüzar çevrələrinə yönəldiyinə şübhə yoxdur. Bəri başdan aydındır ki, Sərkisyan özünü Türkiyə ilə heç bir ilkin şərt qoymadan münasibətlər yaratmağa hazır olan tərəf kimi göstərməklə Amerika siyasi çevrələrində xal qazanmağa, həmçinin Ankaraya sərhədlərin açılması ilə bağlı Vaşinqtondan daha çox təzyiq göstərilməsinə nail olmağa çalışır. Sərkisyan məqaləsində göstərir ki, Ermənistan strateji baxımdan önəmli, neft ehtiyatları ilə zəngin regionda yerləşən balaca ölkədir. Dağlıq Qarabağ münaqişəsi zamanı Türkiyə Azərbaycanla həmrəylik əlaməti olaraq Ermənistanla sərhədlərini bağlayıb, bununla da 15 ildir ki, iki ölkə arasında diplomatik, siyasi, iqtisadi əlaqələrin qurulması üçün baryer mövcuddur: “Bu sərhədlər təkcə ermənilər və türklər üçün deyil, həm də Şərqlə Qərb üçün bağlıdır”. Sərkisyan etiraf edir ki, Ermənistan Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Qars-Axalkalaki dəmir yol xətti kimi strateji layihələrdən kənarda qalıb. Özü də ermənilər bundan əziyyət çəkən yeganə insanlar deyil, Ermənistan prezidentinin mövqeyinə görə bütün region ölkələri və Avropa xalqları bu maneələrdən əziyyət çəkir: “Bu baxımdan neçə vaxtdır hökm sürən dalan vəziyyətindən çıxmaq üçün zaman yetişib. Ermənistan prezidenti kimi mən yaranmış vəziyyətdən istifadə edərək Türkiyə xalqı və hökuməti ilə münasibətlərə sıfırdan başlamağı təklif edirəm. Bu ilin fevralında prezident seçilməyimdən sonra türkiyəli həmkarım Abdullah Gül məni ilk təbrik edənlərdən oldu. O vaxt baş nazir Rəcəb Tayyib Ərdoğan da təklif etdi ki, qapılar dialoq üçün açıqdır.” Sərkisyanın məqaləsində deyilir ki, iki ölkə arasında normal münasibətlərin qurulmasının heç bir alternativi yoxdur. O ümid edir ki, iki ölkə hökumətləri yeni açılmış qapıdan keçə biləcəklər: “Normal ikitərəfli münasibətlərin yaradılması bizə imkan verərdi ki, Ermənistanla Türkiyə arasındakı bütün mürəkkəb problemləri müzakirə etmək üçün birgə komissiya formalaşdıraq. Yalnız ikitərəfli münasibətlər yaratmaq yoluyla biz mübahisəli tarixi problemləri birgə araşdıra bilərik”. Ermənistan prezidentinin yazdığına görə sərhədlərin bağlı olmasına baxmayaraq bir çox ermənilər və türklər qarşılıqlı əlaqələr, ticarət üçün yol tapıblar. İki ölkə arasındakı çarter reysləri var, həmçinin Gürcüstan vasitəsilə Türkiyəyə çoxsaylı avtobuslar və marşrut taksiləri gedir. Bu isə deməyə imkan verir ki, Türkiyə ilə Ermənistan arasında az da olsa ticarət var. Sərkisyan xatırladıb ki, o, Türkiyə prezidenti Abdullah Gülü bu il sentyabrın 6-da İrəvanda iki ölkənin futbol üzrə milli yığma komandalarının oyununa birgə baxmağa dəvət edib. Onun fikrincə, bu dəvət Ermənistanla Türkiyə arasında münasibətlərin simvolik başlanğıcını qoyur: “Ona görə də mən ümid edirəm ki, erməni və türk xalqları bu jesti alqışlayacaqlar və sərhədlərin açılmasına dəstək verəcəklər. Ermənistan və Türkiyə həmişəlik düşmən ola bilməz. Bizim ölkələrimizin gələcəyi üçün qarşılıqlı sərfəli münasibətlərin yaranması bütün region üçün faydalı olacaq”. Göründüyü kimi, Sərkisyan məqaləsində bir dəfə də olsun Azərbaycanla münaqişə haqda danışmayıb. Baxmayaraq ki, Türkiyənin sərhədləri bağlaması məhz Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini işğal altında saxlaması ilə bağlıdır. Ankara rəsmən İrəvanla münasibətlərin qurulması üçün üç şərt irəli sürür ki, onlardan biri Azərbaycanın ərazilərinin azad olunmasıdır. Belə görünür ki, Sərkisyan Türkiyəni Azərbaycanı bir kənara qoyaraq, Ermənistanla münasibətlər yaratmağa çağırır. Ermənistan prezidenti bu məqalə ilə bir neçə gün əvvəl Astanada Türkiyə prezidenti Abdullah Güllə görüşündən sonra çıxış edib. Həmin görüşdə o, rəsmən Gülü İrəvana dəvət edib və Türkiyə prezidenti ilə jest olaraq türk dilində danışıb. Bəs Ermənistan prezidentinin bir-birinin ardınca Türkiyəyə bu cür dostluq mesajları verməsinin arxasında nə dayanır? Bəlkə onda Türkiyənin Azərbaycanın maraqlarını bir kənara qoyaraq Ermənistanla münasibətlər qurmağa meylləndiyinə inam yaradan hansısa məlumatlar var? Sərkisyanın özünün də qeyd etdiyi kimi, Türkiyə prezidenti və baş naziri onu ilk təbrik edənlərdən olub. O zaman bu jestlər Türkiyədə müxalifət tərəfindən tənqidlə qarşılandı və belə fikirlərə səbəb oldu ki, Ankara ermənilərlə münasibətlər qurmaq üçü az qala yalvarır. Hələlik Türkiyə prezidentinin Sərkisyanın dəvətini qəbul edib-etmədiyi haqda məlumat yoxdur, ancaq görünən odur ki, həm Ankara, həm İrəvan qarşılıqlı münasibətlər yaratmaq üçün qarşılıqlı jestlər edirlər. Azərbaycan əraziləri isə hələ işğal altındadır... F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar