SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi: Urmu gölünü canlandırmaq üçün pul yoxdur

2021.10.20, 07:36
Şərqi Azərbaycan valisi: Urmu gölünü canlandırmaq üçün pul yoxdur

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan valisi Məcid Xudabəxş Urmu gölünü canlandırmaq üçün İran dövlətinin büdcəsi  olmadığını diqqətə çatdıraraq bu işdə kredit və xarici maliyyə mənbələrinə ümid etdiklərini bildirib.

 

O bu barədə gənc jurnalistlər klubunun müxbiri ilə danışıqda məlumat verib.

 

“Urmu gölünün canlandırılması üçün xarici maliyyə mənbələrindən istifadə etmək hələ də aktualdır. Bununla bağlı İran Ətraf Mühit Təşkilatı xarici yatırımçılarla müzakirələr aparır”- deyə o bildirib.

 

Urmu Gölünü Canlandırma Mərkəzi gölün bərpası üçün 24 çıxış yolu təklif etmişdir. Şərqi Azərbaycan valisi bildirib ki, 24 layihədən heç biri icra olunmayıb.

 

O Araz çayından Urmu gölünə su intiqal etməklə əlaqədar verilən sualın cavabında deyib ki, bu layihə üçün çox az miqdarda büdcə vəsaiti nəzərdə tutulduğu üçün onu həyata keçirmək mümkün deyil.

 

Urmu Gölünü Canlandırma Mərkəzinin açıqlamasına görə, bu günə qədər Türkiyə, Cənubi Koreya və Almaniyadan gölün canlandırılmasına yatırım qoymaq üçün təkliflər gəlib.

 

Qeyd edək ki, Yaxın Şərqdə baş verən toqquşmalarda milyardlar dollar xərcləyən İran rejimi Güney Azərbaycanda milyonlarla insanın həyatını real təhlükə ilə üz-üzə qoyan Urmu gölü böhranına laqeyd yanaşır, onun qurtarılması üçün büdcə vəsaiti ayırmır. Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmiləri vəsaitin olmadığından gölün bərpası ilə bağlı nəzərdə tutulan layihələrin icra olunmadığı, bəzilərinin isə yarımçıq buraxıldığını bildirir. Göldə isə vəziyyət günü-gündən pisləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar