SON XƏBƏRLƏR

"Azərbaycan rəsmilərinin bəyanatları konstruktiv deyil”- İranın xarici işlər naziri

2021.10.20, 07:36
"Azərbaycan rəsmilərinin bəyanatları konstruktiv deyil”- İranın xarici işlər naziri

Gunaz.tv

Tezliklə Bakıya və İrəvana səfər edəcəyini bildirən Abdullahiyan deyib ki, öz şimal qonşuları ilə əlaqələri yaxşılaşdırmaq və genişləndirmək İranın yeni hökumətinin xarici siyasətinin əsas prioritet məsələlərindən biridir.


“Azərbaycan və Ermənistan İran İslam Respublikasının iki yaxşı qonşusudur, elə buna görə də hesab edirəm ki, biz bir-birimizə qarşı çıxış edə bilmərik.

Çünki bizim xarici siyasətimiz müvazinətli bir xarici siyasətdir və biz  Azərbaycan və Ermənistanla olan siyasətimizi ölkələrimiz arasındakı ortaq mənafeyə uyğun olaraq tənzimləyirik. 


Hesab edirəm ki, Ermənistanın xarici işlər naziri bir neçə gün əvvəl Tehrana səfər etdiyi kimi Azərbaycanın da xarici işlər naziri Tehrana səfər etməlidir. Mən isə tezliklə uyğun bir vaxtda hər iki ölkənin paytaxtlarına səfər edəcəyəm"-deyə, iranlı nazir bildirib.


Nyu-Yorkda səfərdə olduğu zaman azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdüyünü xatırladan Hüseyn Əmir Abdullahiyan  deyib ki, Tehran bölgədə baş verənlərdən narahatdır:

 "Nyu-Yorkda olduğum zaman İranın dostluq və qonşuluq münasibətini göstərmək üçün Azərbaycan Respublikasının xarici işlər nazirinin BMT-dəki iqamətgahına gedib onlarla dostcasına görüşüb açıq danışıqlar apardım. 


Bizim Cənubi Qafqaz regionu ilə bağlı bir neçə nigaranlığımız var.

Birinci nigarançılığımız odur ki, biz bəzi xarici müdaxilələr nəticəsində regionun mümkün geopolitik vəziyyətinin və sərhədlərin dəyişdirilməsindən və ya yerbəyer olmasından, eləcə də terrorçuların bölgədəki mövcudluğundan narahatıq". 


Nazir təmsil etdiyi rejimin tez-tez səsləndirdiyi "Qarabağda terrorçular var" fikrini təkrar edib:

"İkinci Qarabağ savaşı başlayandan terrorçular regiona daxil oldular. Biz isə Azərbaycan rəsmiləri ilə keçirdiyimiz diplomatik görüşlərdə bu məsələni onlara dedik və onlar da söz verdilər ki, regionu terrorçulardan təmizləyəcəklər.

Bu arada sionist rejimi də regionda eyni provokativ hərəkətlərini Azərbaycan Respublikası ərazisindən bizə qarşı başlayıb.


Hesab edirik ki, region problemlərini bölgənin öz əhalisi həll etməli və xaricilərin bu regionda müdaxiləsi olmamalı və ölkələrimiz arasındakı münasibətlər dostluq və dinc qonşuluq prinsipləri əsasında tənzimlənməlidir".


İranlı nazir rəsmi Bakının mövqeyini "qeyri-konstruktiv" adlandırıb.

"Hesab edirik ki, regionumuz son bir neçə ayda kifayət qədər gərginliyi təcrübə edib. Elə buna görə də güman edirəm ki, bütün tərəflər vəziyyətin sakitliyə doğru qayıtması üçün çalışmalıdır.

Əlbəttə ölkələrimiz arasındakı danışıqlar və dialoqlar qonşulardan gözlənilən bir ədəbiyyat və leksikona uyğun olmalıdır.

Lakin biz, bu günlər Azərbaycan rəsmilərinin dilindən səslənən bəzi bəyanatları qeyri-konstruktiv sayırıq”, -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib.


A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar