SON XƏBƏRLƏR

Sorğu nəticələrinə əsasən, Tehran əhalisinin 75%-i seçkilərdə iştirak etməyəcək

2021.10.20, 07:36
Sorğu nəticələrinə əsasən, Tehran əhalisinin 75%-i seçkilərdə iştirak etməyəcək

Gunaz.tv

GünAz TV: Tehran Universitetinin Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Əhməd Nadiri seçkilərlə bağlı sorğu keçirdiklərini bəyan edib.

 

O bildirib ki, sorğunun nəticələri Tehran əhalisinin yalnız 24.2%-nin qarşıdan gələn Milli Məclis və Ekspertlər Məclisinə aralıq seçkilərində iştirak edəcəyini göstərir.

 

Mərkəzin rəhbəri sorğudan iştirak edənlərdən 93%-nin ölkənin idarə edilməsi vəziyyətindən narazı olduğunu ifadə etdiyini deyib.

 

İran Daxili İşlər Nazirliyinin məlumatına görə, fevralın 21-də keçiriləcək sözügedən seçkilərdə 57 milyon 917 min 159 nəfərin səs vermək hüququ var. Onlardan 2 milyon 931 min nəfər ilk dəfə olaraq səs verəcəklər.

 

2019-cu ilin noyabr ayında İranda benzinin qiymətinin artırılmasına qarşı keçirilmiş etiraz aksiyalarının qan bahasına yatırılmasından sonra insanlar və müxalif qrupların çoxu Milli Məclis seçkilərini boykot edəcəklərini bəyan ediblər.

 

Bir neçə gün öncə İranda yaşayan 164 siyasi və mədəni fəal “səssiz İsfənd” adı altında bəyanat yayaraq, ölkə vətəndaşlarından seçkilərdə iştirak etməməklə, öz vətəndaşlıq hüquqlarını qorumağa çağırmışdı.

 

Digər tərəfdən, Milli Məclis seçkilərindən öncə namizədlərin əksəriyyətinin Nəzarət Şurası tərəfindən qeydə alınmaması islahatçı və mühafizəkar siyasətçilər arasında ixtilafları daha da dərinləşdirib. Bir neçə gün öncə İslahatçıların Ali Siyasi Şurası seçkilərdən öncə Parlamentə əksər kürsülərə deputatların artıq təyin edildiyini bəyan etmişdi. Tanınmış mühafizəkar siyasətçilərdən olan Məhəmmədrza Bahünər də bir müddət əvvəl saxtakarlıqlara dolayısı ilə işarə edərək, qarşıdan gələn Milli Məclis seçkilərini mühafizəkarların oyun meydançası adlandırmışdı.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar