SON XƏBƏRLƏR

Təbriz İncəsənət Universitetinin öyrənciləri türk dilinin tədris olunmasını tələb ediblər – Məktubun mətni

2021.10.20, 07:36
Təbriz İncəsənət Universitetinin öyrənciləri türk dilinin tədris olunmasını tələb ediblər – Məktubun mətni

Gunaz.tv

GünAz TV: Təbriz İncəsənət Universitetinin bir qrup türk öyrəncisi universitetin rektoruna məktub yazaraq ali təhsil müəssisəsində türk dili və ədəbiyyatının tədris olunmasını tələb ediblər.

 

Məlumata görə, irəli sürülən tələblə bağlı öyrəncilərdən çox sayda imza toplanılıb. İmzalar öyrəncilər tərəfindən yazılan məktubla birlikdə universitetin rektoru Məhəmməd Əli Kiynəjada göndərilib.

 

Ana dilinin əhəmiyyətinə diqqət çəkilən məktubda İran Konstitusiyasının 15-ci maddəsi və dil hüquqları üzrə beynəlxalq bəyannəməyə istinad edilərək bütün ixtisaslar üzrə təhsil alan öyrəncilər üçün türk dili və ədəbiyyatı fənninin tədris olunması tələb olunub.

 

Hal-hazırda uzun illər mübarizədən sonra yalnız Təbriz, Urmiyə, Marağa, Mədəni Azərbaycan, Azad Təbriz və Urmiyənin Texnologiya Universitetlərində türk dili və ədəbiyyatı fənni tədris olunur. Türk dili dərsi öyrəncilər üçün məcburi deyil, buna baxmayaraq çox sayda öyrənci bu dərsliyi könüllü olaraq seçir.

 

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır.

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar