SON XƏBƏRLƏR

Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü: Son 4 ildə Azərbaycanın iqtisadiyyatı 4 pillə geriləyib

2021.10.20, 07:36
Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü: Son 4 ildə Azərbaycanın iqtisadiyyatı 4 pillə geriləyib

Gunaz.tv

GünAz TV: Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü Güney Azərbaycanda iqtisadi durumun getdikcə pisləşdiyindən nigaranlığını bildirib.

 

Son 4 ildə Azərbaycanın iqtisadiyyatında 4 pillə geriləmə olduğunu deyən Yunis Jaelə bu məsələnin bütün sahələrə təsir etdiyini bildirib.

 

“İqtisadiyyatda ciddi geriləmə var. Bu tənəzzüldən dövlət, valilik, rəsmi idarələr və s. öz payını alıb. Bəzi ticarət müəssisələrində irəlləyiş olub, onlar hətta əyalətin sənaye müəssisələrinə yardım da edə bilərdi. Lakin belə bir iradə müşahidə olunmayıb”- deyə o bildirib.

 

“Təsnim” xəbər agentliyinin yaydığı məlumata görə, Yunis Jaelə baş verən iqtisadi tənəzzüldə bankların roluna da işarə edib. O bildirib ki, banklar maliyyə mənbələrini ələ keçirib, lakin sərmayəni əyalətin istehsal və ticarət işlərinə deyil, başqa yerlərdə istifadə edir. Onlar hətta əllərində olan sərmayənin bir hissəsini Tehranda işə yatırıblar və əyalət bu imkandan heç bir istifadə edə bilmir.

 

Təbriz Ticarət Palatasının rəyasət heyətinin üzvü ticarət, məşğulluq, istehsal və s. kimi işlərdə xüsusi bacarıq tələb olunduğunu diqqətə çatdıraraq bu sahədə Şərqi Azərbaycanın aşağı səviyyədə olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanda böyük maşınqayırma zavodları maliyyə problemlərindən dolayı bağlanmaq üzrədir, bu məsələlər bölgədə minlərlə gəncin işsiz qalmasına səbəb olur.

 

“İran Ticarət Palatasında xüsusi lobbiçilik fəaliyyəti var. Ona görə də Ticarət Palatasına xüsusi qruplar cəlb olunub. Lakin ümid edirəm ki, gələcəkdə şimal-qərb bölgəsi konsorsium təşkil edərək İran Ticarət Palatasına təsiredici üzv göndərə biləcək”- deyə Yunis Jaelə “Təbriz Ticarət Palatasının üzvlərinin İran Ticarət Palatasına üzv olması” ilə bağlı verilən sualın cavabında deyib.

 

Güney Azərbaycanda iqtisadi tənəzzül getdikcə dərinləşir. Bu məsələ işsizlik və yoxsulluq kimi problemlərlə yanaşı bölgə əhalisinin Azərbaycandan köçməsi ilə nəticələnir. Hər il minlərlə azərbaycanlı gənc, hətta güclü mütəxəssislər iş tapmaq məqsədi ilə İranın mərkəzi şəhəri və digər fars bölgələrinə üz tutur. Bu vəziyyət soydaşlarımızın və bəzi yerli məsulların dəfələrlə etirazına səbəb olsa da, problemi aradan qaldırmaq istiqamətində heç bir addım atılmır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar