SON XƏBƏRLƏR

Təbrizdə təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Milad Əkbərini yaxalamaq üçün onun ata evinə hücum çəkiblər

2021.10.20, 07:36
Təbrizdə təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Milad Əkbərini yaxalamaq üçün onun ata evinə hücum çəkiblər

Gunaz.tv

GünAz TV: İranın Ettelaat əməkdaşları oktyabrın 6-da sübh saatlarında azərbaycanlı milli-mədəni fəal Milad Əkbərinin ata evinə hücum ediblər.

 

Fəalı yaxalamaq və evdə axtarış aparmaq adı ilə evə daxil olan məmurlar bütün əşyaları alt-üst edərək ailə üzvlərinin narahatlığına səbəb olublar.

 

Məlumata görə, Milad Əkbəri evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb. Məmurlar fəalın anasını təhdid edərək ona bildiriblər ki, Milad bir gün ərzində Ettelaat İdarəsinə müraciə teməsə, ona qarşı ciddi tədbirlər alınacaq.

 

M.Əkbərinin yaxınlarının GünAz TV-yə verdiyi məlumata görə, məmurlar fəalın 4 aylıq həbs hökmünün icrası ilə bağlı onun ata evinə hücum çəkiblər, onlar fəalın anasına qarşı təhqiramiz ifadələr işlədiblər.

 

Kəleybər Məhkəməsi M.Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini sözdə “qanunsuz Babək qalası mərasimində iştirak edərək qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq”da günahlandırıb. Məhkəmə həmin ittihama əsasən çıxardığı hökmdə fəalları 4 ay həbs və 40 şallaq zərbəsini əvəz edən nağd cərimə ödəməyə məhkum edib. Həmin hökm sonralar Apelyasiya Məhkəməsi tərəfindən olduğu kimi qüvvədə saxlanılıb.

 

Fəallar məhkəmə prosesi zamanı müdafiə mətnlərini türk dilində yazıblar. Aprelin 4-də Azərbaycan türkcəsində məhkəməyə təqdim olunan müdafiə mətnləri hakim tərəfindən “anlaşılmaz və naməlum müdafiə” adlandırılıb.

 

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri, M.Pərvin və Ə.Cagangiri həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti azadlığa buraxılmışdır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar