SON XƏBƏRLƏR

Təbrizli şagirdlər Həsən Ruhaninin qarşılama mərasiminə qatılmaq üçün məcburi şəkildə stadiona aparılıb, AMMA... – VİDEO

2021.10.20, 07:36
Təbrizli şagirdlər Həsən Ruhaninin qarşılama mərasiminə qatılmaq üçün məcburi şəkildə stadiona aparılıb, AMMA... – VİDEO

Gunaz.tv

GünAz TV: İran prezidenti Həsən Ruhani Güney Azərbaycanın Təbriz şəhərindədir.

 

H.Ruhani Təbriz əhalisi tərəfindən olduqca soyuq qarşılanıb. Onun qarşılama mərasimində iştirak edənlərin əksəriyyəti məcburi şəkildə Təxti stadionuna aparılıb. Aşağıdakı videoda göründüyü kimi, təbrizli şagirdlər məcburi olaraq stadiona aparılır, lakin onlar məsulların xəbərdarlığına rəğmən “Traxtur – Traxtur” və “Yaşasın Azərbaycan” şüarları səsləndiriblər.

 

https://www.youtube.com/watch?time_continue=8&v=2h2IYW0WXXc

 

Əldə olunan məlumata görə, Şərqi Azərbaycan Təhsil Şöbəsi valiliyin verdiyi göstəriş əsasında bütün şagird və müəllimləri prezidentin qarşılama mərasimində iştirak etməyə məcbur edib.

 

Təbrizdə ictimaiyyət qarşısında çıxış edən H.Ruhani qurumaqda olan Urmu gölünün bərpası, türk dili və mədəniyyətinin inkişafı, Azərbaycan idmanı və “Traxtur” komandasının gələcək fəaliyyəti ilə bağlı növbəti dəfə vəd verib.

 

Ən çox ölkə təhlükəsizliyi və xarici valyutaların yeni kursu ilə bağlı danışan Ruhani heç bir çıxış yolu göstərmədən xarici ticarətlə məşğul olan iş adamlarını bu vəziyyətdən nigaran olmamağa çağırıb.

 

O dilə gətirdiyi vədlər haqda geniş məlumat vermədən Süngün Mis Mədəninin fəaliyyətinin genişlənəcəyini bildirib, Təbriz-Əhər yolu və Təbriz-Miyana dəmir yolu projelərində dövlətin öz öhdəliyinə əməl edəcəyini diqqətə çatdırıb.

 

Qurumaqda olan Urmu gölünün bərpası məsələsinə də toxunan H.Ruhani vurğulayıb ki, İran hökuməti bunun üçün 240 milyon dollar dəyərində layihələrə start verib.

 

O vəd edib ki, prezidentlik müddətinin başa çatacağı 2021-ci ilədək Urmu gölündə suyun səviyyəsi bir metr artacaq.

 

Qeyd edək ki, Azərbaycan əhalisi Həsən Ruhanini verdiyi sözlərə əməl etməyən bir şəxs kimi tanıyır. Buna səbəb onun təxminən 5 il əvvəl seçkiqabağı təbliğat-təşviqat dönəmində azərbaycanlılara Urmu gölünün canlandırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin təsis edilməsi ilə bağlı verdiyi vədlərdir. Verilən vədlərin üstündən 5 il keçməsinə baxmayaraq bu istiqamətdə heç bir addım atmayıb, ölkədə insan haqlarının vəziyyəti isə getdikcə pisləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar