SON XƏBƏRLƏR

TƏLƏBƏLƏR ƏXLAQSIZ MÜƏLLİMƏ DƏRS VERDİ

2021.10.20, 07:36
TƏLƏBƏLƏR ƏXLAQSIZ MÜƏLLİMƏ DƏRS VERDİ

Gunaz.tv
TƏLƏBƏLƏR ƏXLAQSIZ MÜƏLLİMƏ DƏRS VERDİ Tehran hakimiyyəti isə hicabsızlığa qarşı mübarizə aparır S.SOLTAN Tehran hakimiyyəti yayın gəlişi ilə bağlı geyimi ilə "islam qaydaları"nı pozan qadınların "ovuna çıxıb". Bu ayın ortalarından başlayaraq, təhlükəsizlik və əxlaq polisi paytaxtın və başqa şəhərlərin küçə və meydanlarında bununla bağlı nəzarəti gücləndirib. Belə xoşagəlməz hallarla yalnız qadınlar deyil, kişilər də üzləşirlər. "Əxlaqın qorunması" kampaniyası başlandığı gün təkcə Tehranda 32 bərbərxana və paltar dükanı bağlanıb. Onlar Qərb dəbini yaymaqda suçlandırılır. İran hüquq-mühafizə qüvvələrinin komandanı general İsmayıl Əhmədi-Müqəddəm bu yaxınlarda jurnalistlərə açıqlamasında deyib: "İctimai təhlükəsizliyin qorunması üçün yeni layihə həyata keçirilir. Düşük və bayağı Qərb mədəniyyətini yayanlara qarşı ciddi tədbirlər gerçəkləşdirməyi planlaşdırırıq. Biz televiziya, radio və başqa informasiya vasitələri ilə əhalini xəbərdar etmişik. Gənclərimiz geyim, üzük, boyunbağı və kəmərlərində şeytan qruplarına və azğın cinsi, əxlaqi qruplara məxsus rəmzləri gəzdirir, onları təbliğ edirlər. Biz bu məhsulların satışı ilə məşğul olan ticarət mərkəzlərinin yiyələrini xəbərdar edərək bildirmişik ki, bu kimi hərəkətlərin qarşısını tam ciddiyyətlə alacağıq". Tehran hakimiyyəti əxlaqdan və hicab qaydalarına əməl etməkdən danışır, gəncləri "Qərb mədəniyyətinin ünsürlərindən" qorumağa "çalışır". Amma hakimiyyət təmsilçiləri rejimin bununla bağlı prinsiplərini pozurlar. Bu ilin martında Tehranın əxlaq polisinin təmsilçisi general Zarei bir neçə yüngüləxlaqlı qadınla birlikdə paytaxtdakı mənzillərdən birində tutulub. Vətəndaşlardan hər hansı biri bu şəkildə yaxalansaydı, ona ölüm hökmü kəsilərdi. Amma bu polis rəisi, sadəcə olaraq, tutduğu vəzifədən azad edilməklə canını qurtarıb. Hətta onunla birlikdə tutulmuş qadınlardan birinin dediyinə görə, general onları çılpaq bədənlə namaz qılmağa da vadar edib. İslam Respublikası universitetlərə təhlükəsizlik komitələri yerləşdirir. Bununla o, tələbələrin fəaliyyətinə nəzarət edir. Bu günlərdə isə Güney Azərbaycanın Zəncan şəhərində indiyədək görünməz hadisə baş verib. İyunun əvvəllərində yerli universitetin müəllimi, rektorun və inzibati komitənin tələbələr və iş üzrə sədr müavini doktor Həsən Mədədi tələbə bir qıza məktub göndərib. O, həmin tələbə qızla cinsi yaxınlıq etmək istədiyini bu məktubda bildirib. Tələbə yoldaşları ilə məsləhətləşəndən sonra bu qız həmin müəllimlə aralarında olan söhbəti diktofona yazıb. Universitetin dəhlizindən hadisəni izləyən tələbələr H.Mədədini yaxası açıq şəkildə qızı zorlamaq istəyərkən yaxalayıblar. Baş verən olaydan xəbər tutan tələbələr universitetin həyətində etiraz aksiyası keçirib, aşağıdakı tələbləri irəli sürüblər: - Zəncan Universitetinin rektoru doktor Nədafi tutduğu vəzifədən azad edilsin; - Doktor Həsən Mədədi işdən çıxarılsın və mühakimə edilsin; - Şəxsiyyəti təhqir edilmiş tələbə qızın adı açıqlanmasın və onun təhlükəsizliyi təmin olunsun; - Baş verən olayla bağlı etiraz aksiyası keçirən tələbələrin təhlükəsizliyi təmin edilsin; - Aksiya keçirilən zaman imtahanlar dayandırılsın; - Universitetin təlim-tərbiyə işləri üzrə prorektoru tutduğu vəzifədən azad edilsin. "Azadtribun"un "Əmir Kəbir" xəbər agentliyinə istinad edərək yaydığı xəbərə görə, İranın Təhsil Nazirliyi baş vermiş olayla bağlı tələbələrin tələblərini dinləyərək, nəinki onların istəklərini təmin edib, əksinə, 20 tələbəni bu universitetdən xaric etməklə hədələyib. Təhsil Nazirliyinin təmsilçisi Zəncan Universitetinin rektorunu "ən yaxşı rektorlardan biri" adlandıraraq tələbələri hədələyib: "Bəziləri universitetdə fitnə-fəsad yaratmaqla imtahanların keçirilməsinə əngəl törətmək istəyirlər. Biz onları müəyyənləşdirib cəzalandıracağıq". İslam Respublikası rəhbərliyinin nəzarəti altında olan mətbuat və başqa informasiya vasitələri Zəncan Universitetində baş verən olayda xarici qüvvələrin əlinin olduğunu bildirib. Xatırladaq ki, doktor Həsən Mədədinin törətmək istədiyi fəsadın videogörüntüləri İnternet saytlarında yayılıb. Hakimiyyət təmsilçilərinin çeşidli yolla rektoru və H.Mədədini müdafiə etməsi cəhdləri uğursuzluqla sonuclanıb. Tələbələrin bir neçə günlük etiraz aksiyası nəticə verib. Universitet rəhbərliyi ilə gənclər arasında əldə edilmiş razılığa əsasən, doktor Həsən Mədədi işdən çıxarılıb. Aksiyada iştirak edən tələbələrə qarşı hər hansı təzyiq etməyəcəyini rektorluq boynuna götürüb. Təhsil Nazirliyi bu məsələni axıra qədər araşdıracağını vəd verib, imtahanların bir həftəliyə təxirə salınması və tələbə təşkilatlarının universitetdə fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına universitet rəhbərliyi razılıq verib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar