SON XƏBƏRLƏR

Tramp: “İran amerikalılara hücum etsə, bu ölkənin 52 mərkəzini hədəfə alacağıq”

2021.10.20, 07:36
Tramp: “İran amerikalılara hücum etsə, bu ölkənin 52 mərkəzini hədəfə alacağıq”

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp yanvarın 5-də “Twitter”də bir-birinin ardınca paylaşdığı üç yazıda “Sepah” terror təşkilatının “Qüds” briqadasının keçmiş komandanı Qasım Süleymaninin öldürülməsindən sonra İran rəsmilərinin Amerikaya qarşı səsləndirdiyi təhdid dolu bəyanatlarına sərt reaksiya verib.

 

Tramp deyib ki, Amerika Birləşmiş Ştatları artıq İranın heç bir təhdidinə dözməyəcək: “Qoyun bu İrana bir xəbərdarlıq kimi səslənsin. Əgər İran amerikalılara və ya Amerikanın milli maraqlarına hücum etsə, biz, 1979-cu ildə İranda girov götürülmüş 52 amerikalı diplomatın sayına uyğun olaraq, İranın 52 mühüm və həssas nöqtəsini, o cümlədən də iranlılar üçün önəm daşıyan mədəniyyət mərkəzlərini hədəfə alacaq, hücum edəcəyik. Belə olan halda, bizim zərbəmiz çevik və çox ağır olacaq. Biz artıq, İran tərəfindən əlavə təhdid səsləndirilməsini istəmirik” –deyə, ABŞ prezidenti Donald Tramp “Twitter”də paylaşdığı yazılarında əlavə edib.

 

Tramp həmin gün jurnalistlərə açıqlamasında islam respublikası tərəfindən təhdid edildikləri təqdirdə İranın 52 mühüm mərkəzinə hücum edəcəkləri ilə bağlı səsləndirdiyi əvvəlki bəyanatını yenidən təkrarlayıb: “İran rejimi vətəndaşlarımızı öldürüb, işgəncə verib yaraladığı bir vaxtda, həm də İraqda yol kənarı bombalardan istifadə edərək insanlarımızı partlatdığı bir vaxtda, bizim onun mədəniyyət mərkəzlərini vurmağa niyə ixtiyarımız olmasın ki” –deyə Tramp vurğulayıb.

 

ABŞ prezidenti qarşıdurma yaranacağı təqdirdə, İranın Amerika hava qüvvələrinin hücumuna məruz qalacaq 52 həssas mərkəzinin adlarını açıqlamayıb.

 

Qasım Süleymani

 

Xatırladaq ki, yanvarın 3-ü gecə saat 01:20 radələrində Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani, eləcə də daha 4 “Sepah”çı,  Hüseyn Cəfəri Niya, Şəhrud Müzəffəri Niya, Hadi Tarəmi və Vəhid Zamaniyan, həmçinin “Həşdəş-Şəbi” rəhbərinin müavini Əbu Mehdi əl-Mühəndis, həmin qruplaşmanın ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Məhəmmədrza əl-Cabiri və daha bir neçə terrorçu, ABŞ hava qüvvələrinin raket hücumunda məhv edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar