SON XƏBƏRLƏR

Tramp: “Koronavirusla mübarizədə İrana yardım etməyə hazırıq". Abbas Musəvi: "Bizim amerikalı həkimlərə ehtiyacımız yoxdur"

2021.10.20, 07:36
Tramp: “Koronavirusla mübarizədə İrana yardım etməyə hazırıq".  Abbas Musəvi: "Bizim amerikalı həkimlərə ehtiyacımız yoxdur"

Gunaz.tv

GünazTV: ABŞ prezidenti Donald Tramp martın 12-də Ağ Evdə İrlandiyanın baş naziri ilə görüşərək jurnalistlərə açıqlamasında İranda koronavirusla bağlı yaranmış böhranlı durumdan və Vaşinqtonun İrana yardım təklifindən danışıb.

 

Tramp deyib ki, Amerika hökuməti koronavirusun yayılmasının qarşısnı almaq üçün İrana tibbi baxımdan hər cürə yardım göstərməyə hazırdır: “Hazırda bir sıra ölkələr, o cümlədən də İran koronavirusun yayılması səbəbi ilə böhranlı vəziyyətdədirlər. Dünyanın ən yaxşı həkimləri bizdədir və bu baxımdan biz İrana yardım təklifi etmişik. Əgər iranlılar təklifimizi qəbul etsələr, biz onlara yardım etməkdən sevinərik” -deyə, ABŞ prezidenti Donald Tramp əlavə edib.

 

 İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi 

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi martın 12-də Trampın həmin açıqlamasından az sonra “Twitter” səhifəsində paylaşdığı bir yazıda ABŞ prezidentinin yardım təklifini rədd edib.

 

Paylaşdığı yazıda Amerikanı İrana qarşı “iqtisadi terrorizm”də günahlandıran Abbas Musəvi, Vaşinqtondan islam respublikasına qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi tələb edib: “Bizdə dünyanın ən yaxşı, ən bacarıqlı və ən igid həkimləri var. Elə buna görə də, bizim amerikalı həkimlərə ehtiyacımız yoxdur.

 

Yaxşısı budur ki, fəxarət satmaq əvəzinə bizə qarşı tətbiq etdiyiniz iqtisadi terrorizmi dayandırın ki, ölkəmizə dava-dərman və tibbi preparat və avadanlıqlar gəlib insanların əlinə çatsın. Bir də ki, bizə yardım etmək əvəzinə Amerika xalqını düşünün” -deyə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi “Twitter” səhifəsində Trampa cavab olaraq paylaşdığı yazısında bəyan edib.

 

Qeyd edək ki, Abbas Musəvi Amerikanı İrana dava-dərman və tibbi avadanlıların ixracına qadağa qoymaqda günahlandırsa da, Tramp hökuməti dəfələrlə bildirib ki, İrana qarşı tətbiq etdiyi sanksiyalar ərzaq mallarına, eləcə də dava-dərmana və tibbi avadanlıqlara şamil edilmir və dünya ölkələri istədikləri qədər İrana tibbi preparatlar və ərzaq məhsulları ixrac edə, sata bilərlər.

 

Bildirilir ki, İran rejimi öz xalqı ehtiyac içində olduğu bir vaxtda, müxtəlif ölkələrdən idxal etdiyi tibbi preparatların böyük bir qismini “Sepah” anbarlarına yığaraq, Livan “Hibullah”ına, eləcə də Suriya və İraqda müttəfiqi olan terrorçu qruplaşmalara göndərir və onları bu baxımdan təmin edir.

 

 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo bir həftə əvvəl mediaya açıqlamasında İranda koronavirusun yayılmasının qarşısını almaq üçün Vaşinqtonun İrana humanitar yardım göndərməyə hazır olduğunu bildirmiş, bu barədə Tehrana təklif irəli sürdüyünü açıqlamışdı. Pompeo, rəsmi Tehranın Vaşinqtonun bu təklifini qəbul edəcəyinə ümidvar olduğunu bildirmişdi.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar