SON XƏBƏRLƏR

Türkiyə yaş taxtaya ayaq basmaz_Natiq Pənahlı

2021.10.20, 07:36
Türkiyə yaş taxtaya ayaq basmaz_Natiq Pənahlı

Gunaz.tv
Türkiyə yaş taxtaya ayaq basmaz Natiq Pənahlı “Türkiyə Ermənistanla gizli danışıqlara başlayıb”. Son bir neçə gündür Azərbaycan və Türkiyə mətbuatı bu xəbərlə çalxalanır. Türkiyədə bu məsələ bir o qədər də mənfi rezonans doğurmasa da, Azərbaycanda vəziyyət fərqlidir. Bunu Türkiyənin Azərbaycana xəyanəti kimi qələmə verənlər də var. Hərçənd ki, danışıqların məzmunu barədə heç kimdə ətraflı məlumat yoxdur. Əslində danışıqlar deyildiyi kimi də gizli aparılmır. Türkiyənin xarici işlər naziri Əli Babacan bunu açıq şəkildə söylədi ki, Türkiyə ilə Ermənistan arasında illərdən bəri müəyyən formalarda danışıqlar aparılıb. O, xüsusilə vurğuladı ki, bu danışıqlara fərqli don geyindirilməməlidir. Azərbaycanda Türkiyə-Ermənistan danışıqlarından narahat olanlar ola bilər. Bəlkə də, bu, başa düşüləndir. Ancaq mən düşünmürəm ki, Türkiyə bu danışıqlarda Azərbaycanın əleyhinə hansısa addım atsın. Azərbaycana səfər edən xarici ölkə rəhbərlərinin dilindən dəfələrlə “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və işğal olunmuş torpaqların ən qısa zamanda geri qaytarılmasını istəyirik” kimi bəyanatları eşitmişik. Demək olar ki, Azərbaycan torpaqlarına ayaq basan və media qarşısına çıxan əcnəbi qonaqların hamısı bu ifadələrlə qulaqlarımızı yağır ediblər. Yaxud da Azərbaycan prezidenti və ya digər yüksəkvəzifəlilərimizdən biri xarici ölkəyə səfər edəndə də eyni situasiya ilə qarşılaşırlar. Yəni demək istədiyim odur ki, diplomatik çərçivədə bizi “dəstəkləyənlər”in quru bəyanatlarını çox eşitmişik. Ancaq yeganə ölkə Türkiyədir ki, yalnız Azərbaycan rəsmiləri ilə görüşlərdə deyil, başqa ölkələrin rəhbərləri ilə görüşlərdə də Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər, beynəlxalq təşkilatlarda bizi dəstəkləyirlər. Hər halda bu ilin fevral ayında Almaniyanın Münxen şəhərində keçirilən Beynəlxalq Təhlükəsizliyə dair 44-cü Konfransda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Ermənistanın o vaxtkı xarici işlər naziri Vartan Oskanyana dediyi: “Siz Qarabağı işğal etmisiniz, oranı tərk edin”,- sözlərini unutmamısınız. O, bu sözləri deyəndə Azərbaycan prezidenti ilə rəsmi görüşdə deyildi. O, bu kəskin ifadəni dünya liderləri qarşısında və dünyanın nüfuzlu televiziyaları ilə birbaşa yayımlanan beynəlxalq konfransda söyləmişdi. R. T. Ərdoğan yerli televiziyalar vasitəsilə çıxışı zamanı da bu məsələni qabartmışdı. Eləcə də Prezident Abdullah Gül və digər yüksək vəzifəli rəsmilər... Siyasət emosiyalar üzərində aparılmır. Reallığa uyğun qurulmayan siyasi strategiya uğur gətirmir. Emosional yanaşmaqla hansısa ciddi məsələni həll etmək mümkün deyil. Hər halda Türkiyənin dövlət rəhbərliyi böyük və ciddi bir ölkəni idarə etdiklərinin fərqindədirlər. Türkiyə kimi ciddi dövlətçilik ənənəsi olan bir ölkənin Ermənistan reallığını dərk etmədiyini demək sadəlövhlük olardı. Bu baxımdan Türkiyə-Ermənistan danışıqlarının faciə kimi yozulmasını doğru hesab etmirəm. Bu məsələyə münasibət bildirərkən bir məqamı əsla diqqətdən kənar qoymaq olmaz. Türkiyənin Ermənistanla problemi Azərbaycan-Ermənistan münaqişəsindən daha kiçik deyil. Uydurma erməni soyqırımı məsələsini nəzərdə tuturam. Bilirsiniz ki, Ermənistan həm Türkiyəyə qarşı dünya parlamentləri qarşısında “soyqırımı” iddiası ilə çıxış edir, həm də bu ölkənin Türkiyəyə qarşı ərazi iddiası var. Bu baxımdan Türkiyə atdığı hər addımın fərqindədir və hər halda ölkə rəhbərliyi erməni hiyləsinə aldanıb, yaş taxtanın üzərinə ayaq basmaz. Unutmayaq, Azərbaycan və Ermənistanla arasında da ən yüksək səviyyədə danışıqlar aparılır. Ölkə başçıları vaxtaşırı bir araya gəlib, Dağlıq Qarabağ münaqişəsini müzakirə edirlər. Məgər bu, faciə kimi yozulur? Xeyr. Hətta bu format indiki reallıqda ən optimal variant hesab olunur. Elə isə, niyə Türkiyənin Ermənistanla gizli (!) danışıqları faciə hesab olunmalıdır? İstər Abdullah Gül, istərsə də Rəcəb Tayyib Ərdoğanın yalnız siyasi xarizmaya malik liderlər olduqlarını düşünmürəm. Onların simalarında vətənpərvərliyi, islamçılığı, eləcə də turançılığı sezmək mümkündür. Ancaq onların davranışlarında bu xüsusiyyətlər mövcud siyasi reallığa uyğunlaşdırılmış şəkildə özünü büruzə verir. Türkiyəyə güvənməliyik. Yalnız ona görə yox ki, bizim güvənəcəyimiz başqa ölkə yoxdur, həm də ona görə ki, Türkiyənin mövcud hakimiyyəti həqiqətən də güvən verir. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar