SON XƏBƏRLƏR

Türkün zəfər tarixi

2021.10.20, 07:36
Türkün zəfər tarixi

Gunaz.tv
"Türkün zəfər tarixi" Tədqiqatçı pedaqoq Elmar Əliyevin kitabı türkün qəhrəmanlıq səlnamələrinə həsr olunub Tarix boyu Türk oğlu hara qədəm qoyubsa, orada zəfər qazanıb. Hətta mənə elə gəlir ki, türk övladı zəfərlə qoşa doğulub. Türk tarixi Türkün özü kimi ulu, Türkün özü kimi zəngin, özü kimi böyükdür. Bu tarixin hər mərhələsi zəfərlərlə doludur. Tədqiqatçı pedaqoq Elmar Əliyevin bu yaxınlarda çapdan çıxmış "Türkün zəfər tarixi" kitabında da türk oğullarının qəhrəmanlıq səlnamələrindən, zəfərlərindən, mərdliyindən, cəsarətindən, şücaətindən söz açılır. 2005-ci ilin iyun ayında Türkiyədə səfərdə olarkən Topqapı sarayını, Dolmabağça sarayını, Süleymaniyyə məscidini, Ayasofiya məscidini, Çanaqqalanı, İnkaya çinarını və daha nələri gözləri ilə görən E.Əliyev səfərdən sonra burada gördüklərini, Türk dünyası və Türkiyə ilə bağlı duyğu və düşüncələrini qələmə almağa qərar verib. "Türk xalqları zaman etibarilə minlərlə hesablanan zəngin bir tarixə malikdir" -deyən, müəllif qeyd edir ki, dünyada heç bir xalqın tarixini Türkün tarixi ilə müqayisə etmək olmaz. "Türklər öz tarixlərini döyüş meydanlarında yazmışlar. Türklər heç zaman asılılıqla barışmamışlar və asılılıqda yaşamamışlar. Türklərin tarixən öz yurd-yuvaları olmuşdur", yazan müəllif onu da vurğulayır ki, Türk övladları öz şərəfli tarixlərini Qılınc və Qələmlə yazıblar. Onların sayı isə yüzlərlədir, yüzlərlə... "Türkün zəfər tarixi"ndə Böyük Türk imzasını tarixdə qılıncla təsdiqləyən Mete, Atilla, Osman Qazi, Əmir Teymur, Şah İsmayıl Xətai, Mustafa Kamal Atatürk, Böyük Türk imzasını qələmlə möhürləyən Nizami Gəncəvi, Yunis İmrə kimi şəxsiyyətlərdən ayrıca söz açılıb. Müəllif sonda belə qənaətə gəlir ki, Türk tarixini nəhəng bir dəryaya bənzətmək olar. Bu dəryanın üzündə üzdükcə- üzəsən, dərinliyinə baş vurduqca-vurasan, yenə də nə bir sahili görünər, nə də bir dibi... Türk dünyasını nəhəng bir ağaca da bənzətmək olar. Elə bir ağaca ki, dünyanın hansı başından dayanıb baxsan, yenə də görünər. Bu ağacın hər budağı sirli-sehrli bir aləmdir. Bu budaqların hamısını gəzib dolaşmaq isə bir insan ömrü üçün söz yox ki, əlçatmazdır. Aqil ASLAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar