SON XƏBƏRLƏR

“Bu başlanğıcdır, daha heç nə əvvəlki kimi olmayacaq” – Ramil Usubov

2021.12.21, 12:48
“Bu başlanğıcdır, daha heç nə əvvəlki kimi olmayacaq” – Ramil Usubov

Gunaz.tv

Bu sözləri Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov  “Azərbaycan” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ikiəsrlik münaqişənin həll olunması, haqqın, ədalətin, nəhayət, qalib gəlməsi əlahiddə tarixi hadisədir və o, ən mühüm dövlətçilik amili, xalqımızın qürur mənbəyi kimi Azərbaycan tarixində gələcəkdə də böyük iftixarla anılacaqdır: “İndi artıq bütün bölgənin yeni inkişaf mərhələsini formalaşdırır.

Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın, Cənubi Qafqazın etibarlı, möhkəm təhlükəsizlik sistemi yaradılır və ölkəmizin regionun lideri kimi beynəlxalq əhəmiyyəti yüksəlir”.

R.Usubov bildirib ki, tarixi torpaqlarımızın azad edilməsi Prezidentin əsas hədəflərindən, məqsədlərindən olmuşdu: “Dövlət başçısının Qarabağın azadlığına 17 il ərzində necə prioritet vəzifə kimi yanaşdığını əvvəlcə daxili işlər naziri, sonra isə təhlükəsizlik şurasının katibi kimi mən hər iş günü aydın görmüşəm”.

Təhlüukəsizlik Şurasının katibi vurğulayıb ki, qazanılan Qələbə nəticədən daha çox başlanğıcdır. Bu, Azərbaycanla yanaşı, Cənubi Qafqazı, eyni zamanda Avrasiya bölgəsini əhatə edir: “Cənab Prezidentin qeyd etdiyi kimi, 10 noyabr 2020-ci ildən sonra Qafqazda heç nə əvvəlki kimi olmayacaq və artıq deyil də.

Ötən bir il ərzində Azərbaycanın və onun rəhbərinin liderliyi ilə region tarixinin yeni səhifəsi açılıb. Beynəlxalq ictimaiyyətdə buna “İlham Əliyevin reallıqları” deyirlər. Tam haqlıdırlar”.

R.Usubovun sözlərinə görə, Azərbaycan savaşın başlandığı 1990-cı illərdə itirdiyi iki istiqamət üzrə mühüm strateji mövqelərdə mütləq suverenliyini artıq təmin edib. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesində ilkin işlərə başlanılıb, onların yeni reallıqların şərtlərinə uyğun prinsipiallıqla aparılacağına əsla şübhə yoxdur. 

Digər mühüm amil isə uzun onilliklər dünyanın təhlükəli bölgələri sırasında olan Cənubi Qafqazda artıq bir ildir ki, möhkəm və etibarlı təhlükəsizlik sisteminin formalaşdırılması prosesinin başlanmasıdır. Bu da “dəmir yumruğ”un yaratdığı reallıqdır.

“Erməni xalqının əksəriyyəti düçar olduğu ağır vəziyyətin, yaşadığı acınacaqlı durumun səbəbinin məhz işğalçılıq siyasəti olduğunu anlayır və Sarkisyan-Koçaryan cütlüyünün keçmiş hərbi xuntasını günahkar kimi qəbul edir. Bu dövlətdə keçirilən son parlament seçkilərinin nəticələri də erməni xalqının mövqeyini göstərdi. 

“Müharibə partiyası”na etimad göstərməyən ermənilər seçkilərə 10 noyabr Bəyannaməsinin öhdəliklərini, yəni təslimçilik aktının müddəalarını yerinə yetirəcəyi vədi ilə qatılan iqtidar partiyasına mandat verdi, Azərbaycanla müharibəyə yox, Azərbaycanla əməkdaşlığa səs verdi”-deyən R.Usubovun fikrincə, bu seçim Ermənistan rəhbərliyinə nəticə çıxarmaq üçün şərait yaradır. Hay-küylər, avantürist, revanşist bəyanatlar erməni xalqının həlledici hissəsinin mövqeyini əks etdirmir və sadəcə, məğlubların ucuz demoqogiyasıdır.

“Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il Bəyanatı, həmçinin bu ilin yanvarında Moskvada, noyabrda Soçidə, daha sonra bu günlərdə Brüsseldə qəbul edilən sənədlər, orada əks olunan müddəalar artıq tam həll olunmuş, bitmiş münaqişənin sonrakı mərhələsi üçün yeganə “yol xəritəsi”dir. 

Tərəflər öhdəliklərinə əməl etməlidirlər, necə ki, Azərbaycan bunu həyata keçirir. Moskvada hökumət təmsilçləri arasında aparılan üçtərəfli danışıqlar da bu prosesi, əsasən, tənzimləyir”-deyə R.Usubov qeyd edib.

Onun sözlərinə görə, Qarabağda tikinti-quruculuq prosesinin miqyası, dinamikası Azərbaycan dövlətinin gücünü, ən əsası isə Prezident İlham Əliyevin 18 illik fəaliyyət dövrünün nə qədər uğurlu olduğunu göstərir: “Təsəvvürünüzə gətirin, Azərbaycan ağır müharibədən çıxıb. Bu savaşın hər günü dövlət büdcəmizə böyük məbləğdə vəsait hesabına başa gəlib. 

Ölkəmizin ötənilki hərbi xərcləri milyardlarla manat həcmində olub, bunu hər kəs bilir. Postsavaş dövründə isə yenə də iki istiqamət üzrə bu işlər intensiv surətdə davam etdirilir. Həm Silahlı Qüvvələrimizin arsenalı daha müasir səviyyədə və çox böyük həcmdə yenilənir, azad olunmuş ərazilərdə, sərhəddə çoxsaylı müvafiq hərbi, müdafiə xarakterli infrastrukturlar yaradılır”.

“Qarabağ və Şərqi Zəngəzur artıq azaddır. Onlar üçün ciddi təhlükə yoxdur. Ancaq bu bölgə elə bir həssaslığa malikdir ki, burada tikilən, qurulan dövlət, sosial, mədəniyyət, iaşə və digər infrastrukturlar həm də təhlükəsizlik sisteminin vacib təməlləridir. Hər bir tikili, hər bir quruculuq işi Azərbaycanın etibarlı təhlükəsizlik tələblərinin normalarına tam cavab verir.”- deyə Təhlükəsizilik Şurasının katibi vurğulayıb. (azpost.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar