SON XƏBƏRLƏR

Urmiyada günəmuzd işləyən fəhlələr ağır vəziyyətdədir

2021.10.20, 07:36
Urmiyada günəmuzd işləyən fəhlələr ağır vəziyyətdədir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərində günəmuzd işləyən fəhlələr ailələrinin gündəlik zəruri xərclərinin öhdəsindən gələ bilmir, onlar koronavirus təhlükəsinə baxmayaraq işləməyə məcburdur.

 

“Təsnim” xəbər agentliyinin müxbiri Urmiyada fəhlə meydanına gedərək mövzu ilə bağlı bir neçə işçi ilə söhbət aparıb.

 

Ziyab Məhəmmədzadə adlı bir fəhlə işçilərin əksəriyyətinin daimi aylıq gəlirə malik olmadığını bildirib. Onun sözlərinə görə, bu fəhlələr və onların ailəsi çox ağır vəziyyətdə yaşayır. “Müxtəlif müəssisələrdə işləyən fəhlərin rəsmi və daimi müqaviləsi yoxdur. Ona görə də onlar işsizlik siğortasından bəhrələnə bilmir.”- deyə o bildirib.

 

Fəhlə meydanında olan Tövhid Ömərzadə koronavirusun dünya üçün böyük müsibət olduğunu bildirərək bu hadisənin ən çox zəif təbəqəyə ziyan verdiyini qeyd edib. O bildirib ki, dövlət yardım paketindən bəhs edir. Lakin bu günədək fəhlələrə heç bir yardım edilməyib, hamı ağır vəziyyətdədir.

 

Ərazidə olan Bəhmən Rəhimi adlı fəhlə də koronavirus infeksiyası yayıldığı günlərdə işçilərin daha ağır vəziyyətə düşdüyünü bildirib. “Hesab eliyirəm ki, dövlət zəif ailələrə yardım etməlidir. Bu baş verməsə, dilənçilik, ev əşyalarını satmaq və intihar faktlarına şahid olacayıq. Bu işlərin ziyanı koronavirusdan daha çox olacaq.”- deyə o vurğulayıb.

 

“Təsnim” agentliyinin müxbiri mövzu ətrafında daha bir neçə fəhlə ilə söhbət aparıb. İşçilər ailə üzvlərinin gündəlik xərclərini ödəmək, ev kirası, ərzaq və dərman ehtiyaclarını təmin etmək üçün həyatlarını təhlükəyə ataraq işləməyə məcbur olduqlarını bildiriblər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar