SON XƏBƏRLƏR

Xəzər İbrahim:Türkiyənin layihəsi xeyir gətirəcəksə, dəstəklənməlidir

2021.10.20, 07:36
Xəzər İbrahim:Türkiyənin layihəsi xeyir gətirəcəksə, dəstəklənməlidir

Gunaz.tv
"Türkiyənin layihəsi xeyir gətirəcəksə, dəstəklənməlidir" siyas.jpg Xəzər İbrahim: "Hər bir dövlətin başqası ilə münasibətlər qurması onun öz işidir" "Regionda sülhün təmin olunması çox vacibdir. Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması ilə bağlı irəli sürülən təşəbbüsləri hər zaman dəstəkləyib. Əgər bu layihə regiona xeyir gətirəcəksə, dəstəklənməlidir. Lakin hazırda Türkiyə XİN-i tərəfindən Azərbaycana həmin təklifin detalları daxil olmayıb. Bu detallar bizə daxil olandan sonra biz də məsələyə öz mövqeyimizi bildirəcəyik". Bu fikirləri dünən keçirdiyi ənənəvi brifinqdə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü Qafqaz Sülh və Əməkdaşlıq Platformasına münasibət bildirərkən deyib. X.İbrahim, həmçinin Türkiyə-Ermənistan münasibətlərinə də toxunub. O bildirib ki, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı hər iki dövlət öz seçimini edə bilər: "Hər bir dövlətin başqa ölkə ilə münasibətlər qurması onun öz işidir. Amma Türkiyə tərəfi həmişə bildirib ki, sərhədlərin açılması üçün Ermənistan qeyd-şərtsiz işğal etdiyi Azərbaycan ərazilərini boşaltmalıdır. Biz ümid edirik ki, yalnız Türkiyə deyil, Ermənistanın beynəlxalq təşkilatlardakı üzvlüyü də bu ölkəni məcbur edəcək ki, işğalçı siyasətindən əl çəksin". Cənubi Qafqazda baş verən son proseslərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nə dərəcədə təsir edəcəyinə gəldikdə isə XİN rəsmisi bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılması perspektivi yoxdur və danışıqlarda da ərazi bütövlüyünün təmin olunması əsas şərtdir: "Münaqişə yalnız beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır. Yəni münaqişə hansısa dövlətlərin maraqlarının toqquşması, hansısa ölkələrin münasibətləri müstəvisində deyil, beynəlxalq hüquq çərçivəsində həll edilməlidir. Dağlıq Qarabağ münaqişəsinin hansısa formada Azərbaycanın ərazi bütövlüyündən kənar həlli perspektivi yoxdur". Daha sonra X.İbrahim Gürcüstan ərazisində rus hərbiçiləri tərəfindən Azərbaycana məxsus neft qatarında törədilən yanğına münasibət bildirib: "Hər bir dövlətin ərazisindən keçən qatar və digər vasitələrin təhlükəsizliyinin təmin edilməsi həmin dövlətin səlahiyyətindədir. Həmin nəqliyyat vasitələrinin təhlükəsizliyinə də həmin dövlət cavabdehdir". Onun sözlərinə görə, Gürcüstanın müvafiq qurumları qatarı xilas etməyə çalışıblar və buna nail də olublar. Baş verən hadisə Azərbaycanın yüklərinin Gürcüstan ərazisindən daşınmasına hər hansı şəkildə təsir etməyəcək: "Azərbaycan Gürcüstan vasitəsi ilə Avropaya yük göndərməyi davam etdirəcək". Mətbuat katibi Rusiya Dövlət Dumasının Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə bağlı suala cavabında isə rəsmi Bakının birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünün tanıdığını bildirib. O, Azərbaycanın Gürcüstana humanitar yardım etdiyini də fikirlərinə əlavə edib. Gürcüstanın Kaspi rayonunda rus hərbiçiləri tərəfindən partladılan dəmir yolu körpüsünün bərpasında Azərbaycan tərəfinin də iştirak etməsi barədə xəbərlərə gəlincə isə XİN rəsmisi bu barədə məlumatsız olduğunu deyib: "Hər halda Gürcüstanda infrastrukturun bərpası Gürcüstan hökumətinin işidir". Rəsmi Bakının qonşu ölkədə baş verənlərə ehtiyatlı yanaşması ilə bağlı fikirləri də şərh edən X.İbrahim bununla razılaşmayıb. O vurğulayıb ki, artıq Azərbaycan qonşu ölkələr arasında yaranmış problemlə bağlı öz mövqeyini açıqlayıb və prezident İlham Əliyev həm Rusiyanın, həm də Gürcüstanın Azərbaycana dost ölkə olduğunu bildirib. XİN-nin mətbuat katibi regionda baş verənlərlə bağlı Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrovla danışığının olduğunu da nəzərə çatdırıb. Mətbuat katibi "Gürcüstan-Cənubi Osetiya münaqişəsində vasitəçidən münaqişə tərəfinə keçən Rusiyanın Minsk qrupunda həmsədrlikdən kənarlaşdırılması məsələsinə baxılırmı" sualına cavabında isə bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsində tərəf deyil. Bu baxımdan X.İbrahim Rusiyanın həmsədrlikdən kənarlaşdırılmasına lüzum görmədiklərini deyib. Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuyanın bu quruma üzv olan ölkələrə təcavüz olduğu təqdirdə təşkilata üzv bütün ölkələr təcavüzə məruz qalmış ölkəni dəstəkləyəcəyi bəyanatını verib. Bu bəyanata da münasibət bildirən X.İbrahim deyib ki, Azərbaycan bu qurumdan özünə təhlükə görmür: "Bordyuya yeni bir şey deməyib, bu məsələ təşkilatın nizamnaməsində əksini tapıb. Azərbaycan heç bir ölkəyə qarşı təcavüz etməyib və belə bir niyyəti yoxdur. Azərbaycanın meyarı yalnız öz ərazisinin bütövlüyünü bərpa etməkdir, bunu da öz ərazisində edəcək". X.İbrahim Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra NABUKKO layihəsi ətrafında yaranmış qeyri-müəyyənliyə də aydınlıq gətirib. Onun sözlərinə görə, bu layihənin realaşması daha çox həmin ideyanı irəli sürən ölkələrdən asılıdır. "Əgər NABUKKO layihəsini irəli sürən dövlətlər bu təşəbbüslərini reallaşdırmaq istəsələr, biz onu nəzərdən keçirə bilərik" - deyə mətbuat katibi əlavə edib. Elman BABAYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar