SON XƏBƏRLƏR

İran rejiminin Bəhailərə qarşı repressiyası bəşəriyyətə qarşı cinayətdir

2024.04.01, 17:10
İran rejiminin Bəhailərə qarşı repressiyası bəşəriyyətə qarşı cinayətdir

“Human Rights Watch” təşkilatının aprelin 1-də yaydığı yeni hesabatında deyilir ki, İran rejiminin Bəhai icmasına qarşı onilliklər boyu sistematik repressiyaları bəşəriyyətə qarşı cinayətdir.

Gunaz.tv

Hesabat aprelin 1-də “boynumun üstündə botinka: İran rəsmilərinin bəhailərə təzyiqlər və cinayətləri” başlığı ilə nəşr olunub.

Bununla bağlı "Azad Avropa Radiosu” (Azadlıq radiosu) “Human Rights Watch” təşkilatının hesabatına istinadən məlumat paylaşıb.

İranın ən böyük dini azlığı olan bəhailər İranda sistematik təqiblərlə üzləşirlər. Onların inancları İran konstitusiyasında tanınmır.

“Human Rights Watch” təşkilatının hesabatında vurğulanıb ki, İran rejimi bəhailərin evlərinə basqın edib, onlarla bəhai vətəndaşını və icma liderlərini həbs edib və bəhailərə məxsus əmlakı müsadirə edib.

“İran hakimiyyəti bəhailəri qəsdən və ciddi şəkildə fundamental hüquqlarından məhrum edib. Hakimiyyət bəhailərin dini azadlığı və siyasi təmsilçilik hüquqlarını rədd edir. İran rejiminin məmurları Bəhai icmasının üzvlərini özbaşına həbs edib və mühakimə edirlər. 

Hakimiyyət mütəmadi olaraq bəhailərin təhsil, iş, əmlak və ləyaqətli dəfn hüquqlarını tapdalayır. Bəşəriyyətə qarşı bu cinayətə son qoymaq üçün İrana beynəlxalq təzyiqlərin artırılması çox vacibdir.” - “Human Rights Watch” təşkilatının son hesabatında vurğulanıb.

Qeyd edək ki, İran hakimiyyəti bəhailər barədə “zəlil firqə” və bu kimi təhqir edici terminlər istifadə edərək danışırlar. Həmçinin onlara ölənlərinin öz dini qaydalarına uyğun basdırılmasına icazə verilmir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar