SON XƏBƏRLƏR

İrandan gələn maşından 50 milyon dollarlıq heroin çıxdı

2025.09.27, 16:00
İrandan gələn maşından 50 milyon dollarlıq heroin çıxdı

İrandan Gürcüstana keçən avtomobildən 200 kiloqram heroin müsadirə edilib.

Gunaz.tv

Bu haqda Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi və Patrul Polisi Departamentlərinin əməkdaşları, Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlirlər Xidmətinin Gömrük Departamenti ilə birlikdə xüsusilə külli miqdarda – 200 kiloqram heroini müsadirə ediblər.

Müsadirə olunan narkotiklərin "qara bazar"dakı dəyəri 50 milyon dolları ötür.

DİN-də keçirilən brifinqdə bildirilib ki, hadisə ilə bağlı İran İslam Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü M.B. saxlanılıb.

"Hüquq-mühafizə orqanları təqsirləndirilənin idarə etdiyi, "balıq yemi" ilə yüklənmiş yük avtomobilindən 8 ədəd çanta içərisində 200 kiloqram heroin aşkar edərək götürüb. Əldə olunan sübutlar göstərir ki, avtomobil İrandan Azərbaycana, oradan isə Gürcüstana "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsindən keçib", – brifinqdə bildirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətdə əli olduğu iddia edilən digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması üçün istintaq davam edir.

"Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutan 262-ci maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə istintaq aparılır", - daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze qeyd edib.

Qeyd edək ki, birneçə gün əvvəl İran parlamentinin millət vəkili İrəc Nədimi, İrana qarşı "tətik" mexanizminin işə düşəcəyi təqdirdə, ölkəsinin Avropaya narkotik tranzitinin yolunu açacağı ilə bağlı təhdid edib.

“Əgər onlar bu mexanizmi işə salsalar, İran narkotik tranzitinə mane olmayacaq. Onda necə bədbəxt vəziyyətə düşəcəkləroni görəcəklər”,- millət vəkili xəbərdarlıq etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar