SON XƏBƏRLƏR

İran hücumunda Ər-Riyadın gizli rolu

2026.03.01, 08:15
İran hücumunda Ər-Riyadın gizli rolu

Bin Salmanın Trampa birbaşa təzyiqi

Gunaz.tv

“Vaşinqton Post” qəzetinin yaydığı məlumata görə, Səudiyyə Ərəbistanı pərdəarxasında ABŞ-ın İrana qarşı hərbi əməliyyatına təşviqedici rol oynayıb. Hesabatda bildirilir ki, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Donald Trampla bir neçə birbaşa danışıq apararaq İrana qarşı hərbi addımın atılmasını istəyib.

Məlumata əsasən, Ər-Riyad rəsmi açıqlamalarında diplomatik həlli dəstəklədiyini və Səudiyyə ərazisi ilə hava məkanının İrana qarşı hücum üçün istifadə edilməyəcəyini bəyan edib. Lakin qəzet yazır ki, vəliəhd ABŞ rəsmiləri ilə qapalı görüşlərdə Vaşinqtonun hərəkətə keçməyəcəyi təqdirdə İranın daha güclü və daha təhlükəli vəziyyətə gələcəyi barədə xəbərdarlıq edib.

Hesabatda həmçinin qeyd olunur ki, vəliəhdin qardaşı Xalid bin Salman Vaşinqtona səfəri zamanı keçirdiyi şəxsi görüşlərdə oxşar mesajı çatdırıb və hərbi addımın zəruriliyini vurğulayıb.

Analitiklərin fikrincə, Ər-Riyadın diplomatiyanı açıq şəkildə dəstəkləməsi, eyni zamanda isə pərdəarxasında hərbi əməliyyata təşviq göstərməsi krallığın mümkün İran cavab zərbələrindən, xüsusilə enerji infrastrukturuna yönələ biləcək hücumlardan ehtiyatlanması ilə bağlı ola bilər. Bununla belə, baş verənlər Səudiyyə Ərəbistanı ilə Tehran arasında strateji rəqabətin yeni və həssas mərhələyə keçdiyini göstərir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar