SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda ana dilində təhsil hüququnu inkar edən məmur təltif edildi

2026.06.21, 11:15
Şərqi Azərbaycanda ana dilində təhsil hüququnu inkar edən məmur təltif edildi

“Fars dili yetərliliyi” layihəsinin müəllifi ana dili hüququna qarşı çıxan təhsil rəsmisini mükafatlandırdı.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İran Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini “Rəzvan Həkimzadə” Şərqi Azərbaycana  səfəri zamanı keçirilən Təhsil Şurasının iclası çərçivəsində Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi “İsfəndiyar Sadiqini” fəxri fərmanla təltif edib.

Rəzvan Həkimzadə və İsfəndiyar Sadiqi adları Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Həkimzadə uzun illərdir qeyri-fars xalqların dil hüquqlarını məhdudlaşdırdığı üçün tənqid edilən “Fars dili yetərliliyi” layihəsinin müəllifi kimi tanınır.

Bu layihə ilk dəfə 2019-cu ildə irəli sürülmüşdü. Layihəyə əsasən, fars dilini kifayət qədər bilməyən qeyri-fars uşaqlar birinci sinfə başlamazdan əvvəl xüsusi fars dili hazırlığından keçməli idilər. Nəticədə türk, ərəb, bəluç və digər xalqlara mənsub uşaqlar təhsilə başlamaqda əlavə maneələrlə üzləşir, ailələr isə uşaqlarına məktəbdən əvvəl evdə fars dili öyrətməyə məcbur edilirdi.

Layihə geniş ictimai etirazlar səbəbindən tam şəkildə həyata keçirilməsə də, onun müəllifi sonradan Pezeşkian hökumətində Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini vəzifəsinə gətirilib.

Şərqi Azərbaycan Təhsil İdarəsinin rəisi İsfəndiyar Sadiqi də daha əvvəl ana dilində təhsil hüququnu rədd edən açıqlamalarına görə Azərbaycan mediası və ictimaiyyəti tərəfindən sərt tənqid olunmuşdu.

İndi isə ana dilində təhsil hüququna qarşı çıxan bir məmurun, “Fars dili yetərliliyi” layihəsinin müəllifi tərəfindən  Şərqi Azərbaycanin valisinin iştirakı ilə təltif edilməsi Güney Azərbaycanda geniş narazılıq doğurub.

Tənqidçilər hesab edirlər ki, bu hadisə İranın dövlət strukturlarında qeyri-fars xalqların dil və mədəni hüquqlarına qarşı uzun illərdir davam edən mərkəzçi və assimilyasiya siyasətinin davam etdiyini göstərir.

 


GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar