SON XƏBƏRLƏR

Bolqarıstan ABŞ ordusuna bazalarını açdı

2026.07.21, 17:23
Bolqarıstan ABŞ ordusuna bazalarını açdı

Tehran Bolqarıstana sərt xəbərdarlıq etdi.

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Bolqarıstan ABŞ ilə hərbi əməkdaşlıq çərçivəsində bu ölkənin hava bazalarından birində maksimum səkkiz ABŞ-a məxsus havada yanacaq dolduran təyyarənin yerləşdirilməsinə razılıq verib. Bolqarıstanın Baş naziri Roman Radev bildirib ki, bu qərarın həyata keçirilməsi üçün parlamentdən icazə alınacaq.

NATO və Avropa İttifaqının üzvü olan Bolqarıstan bununla ABŞ-a hərbi əməliyyatların dəstəklənməsi məqsədilə hava bazalarından istifadə imkanı yaradır. Bu addım Vaşinqtonla İran arasında artan gərginlik fonunda atılır.

İran da bu qərara reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ-ın hücumlarının hazırlanması və həyata keçirilməsində istənilən iştirak və əməkdaşlıq “təcavüz cinayəti və müharibə cinayətlərinin törədilməsində şəriklik kimi qiymətləndiriləcək”.

O, Bolqarıstan hökumətinin qərarına toxunaraq deyib: “Bir dövlətin ərazisinin başqa bir dövlət tərəfindən üçüncü dövlətə qarşı təcavüz məqsədilə istifadəyə verilməsi təcavüz aktı hesab olunur” və ümid etdiyini bildirib ki, Bolqarıstan parlamenti ABŞ-ın bu ölkənin hava bazasından istifadə etməsinə icazə verilməsini dəstəkləməyəcək.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar