SON XƏBƏRLƏR

İranda hökumətlə dövlət televiziyası arasında yeni gərginlik

2026.07.24, 20:25
İranda hökumətlə dövlət televiziyası arasında yeni gərginlik

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Məsud Pezeşkian hökumətinin İnformasiya Şurası yaydığı bəyanatda İran dövlət televiziyasını (Seda və Sima) yüksək vəzifəli rəsmilərin çıxışlarını senzura etməkdə və onlara seçici yanaşmaqda ittiham edib. Şura bildirib ki, bu siyasətin davam etməsi milli təhlükəsizlik üçün ciddi nəticələr doğura bilər.

Bəyanatda qeyd olunub ki, dövlət televiziyası Məsud Pezeşkianın Milli Sənaye, Mədən və Ticarət Günü münasibətilə çıxışı zamanı səsləndirdiyi fikirlərin bir hissəsini yayımdan çıxarıb. Hökumətin bildirdiyinə görə, çıxarılan hissə prezidentin Əli Xameneinin danışıqlara icazə verməsi ilə bağlı dediklərinə aid olub.

İnformasiya Şurası həmçinin dövlət televiziyasını Məhəmmədbağır Qalibafın müsahibəsinin bir hissəsini, eləcə də Məhkəmə Hakimiyyətinin rəhbərinin prezidentə dəstək xarakterli açıqlamalarını yayımlamamaqda ittiham edib.

Bəyanatda əlavə olunub ki, dövlət televiziyası 40 günlük müharibə zamanı İranın xarici işlər naziri Abbas Əraqçinin xarici mediaya verdiyi müsahibələri də yayımlamayıb.

Şura dövlət televiziyasının “seçici yanaşmasını” tənqid edərək, bu qurumun “hansı məqsədləri güddüyünü” sual edib və bildirib ki, bu yanaşmanın davam etməsi “düşmənin nüfuz etməsi üçün imkan yarada” və “milli təhlükəsizlik baxımından bərpası mümkün olmayan nəticələrə səbəb ola bilər.”

Son aylarda Məsud Pezeşkiana yaxın siyasi dairələr dövlət televiziyasının rəhbərliyini radikal siyasi cərəyanlara yaxın olmaqda və hökumətin mövqeyini senzura etməkdə dəfələrlə ittiham ediblər.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar