SON XƏBƏRLƏR

Əfqanıstanda toylarla bağlı şok qadağalar açıqlandı; Qadınların ən sadə hüquqları da məhdudlaşdırılır

2026.07.25, 17:30
Əfqanıstanda toylarla bağlı şok qadağalar açıqlandı; Qadınların ən sadə hüquqları da məhdudlaşdırılır

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Talibanın Həcc və Vəqflər Nazirliyi cümə namazı xütbəsinin vahid mətnini Əfqanıstanın bütün məscid imamlarına göndərərək qadınlara və toy mərasimlərinə qarşı yeni məhdudiyyətlər tətbiq edib. Sənəddə makiyaj, ətirdən istifadə, xına yaxılması, nişan üzüyü taxılması və bir sıra ənənələr “şəriətə zidd” və “haram” elan olunur.

Nazirliyin cümə axşamı, iyulun 23-də imamlara göndərdiyi 10 səhifəlik sənəddə din xadimlərindən cümə xütbələrində insanları nişan, toy və digər şənliklərdə baş verən “münkərlərdən” çəkinməyə çağırmaları istənilib.

Təlimatda nişan mərasimində üzük taxılması, gəlinin əllərinə xına qoyulması, nişandan əvvəl qız və oğlanın görüşməsi, toy və nişan mərasimlərində musiqi səsləndirilməsi, gəlinin makiyaj etməsi və hətta ətirdən istifadə etməsi “haram” hesab edilib.

Son dörd ilin təcrübəsi göstərir ki, Talibanın Əmr bil-Məruf və Nəhy əz-Münkər Nazirliyinin əməkdaşları bu cür göstərişlərə əsaslanaraq dəfələrlə toy salonlarına, ailə məclislərinə və insanların evlərinə basqın edib, mərasimləri dayandırıb və təşkilatçıları saxlayıblar.

Bu yeni məhdudiyyətlər Talibanın qadınların hüquq və azadlıqlarını daha da məhdudlaşdıran siyasətinin davamı kimi qiymətləndirilir. Son illərdə bu siyasətlər beynəlxalq ictimaiyyət və insan hüquqları təşkilatları tərəfindən geniş tənqid olunub.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar