SON XƏBƏRLƏR

Səudiyyə supertankeri vuruldu; iki dənizçi həlak oldu

2026.09.02, 18:38
Səudiyyə supertankeri vuruldu; iki dənizçi həlak oldu

Səudiyyə supertankerinə Hörmüzdə hücum zamanı iki filippinli dənizçi həlak olub.

Gunaz.tv

GunAzTV-nin məlumatına görə, Səudiyyə Ərəbistanının milli gəmiçilik şirkəti “Bahri” bu həftə Hörmüz boğazında hücuma məruz qalan “Sidr” supertankerin heyətində olan iki filippinli dənizçinin həlak olduğunu açıqlayıb.

Şirkət çərşənbə günü bildirib ki, “Sidr” tankeri bazar ertəsi axşam Hörmüz boğazından keçərkən “təhlükəsizlik insidenti” ilə üzləşib və hadisə nəticəsində iki filippinli dənizçi həyatını itirib.

Səudiyyə bayrağı altında üzən “Sidr” supertankeri Omanın Xəsəb şəhərindən təxminən 16 dəniz mili şimal-şərqdə naməlum mərmilərlə vurulub. Gəmi təxminən iki milyon barel Səudiyyə Ərəbistanı xam nefti daşıyırdı.

“Bahri” şirkəti gəmi ilə əlaqəni davam etdirdiyini, vəziyyətin və hadisələrin izlənilməsi üçün aidiyyəti qurumlar və gəmiçilik sənayesində fəaliyyət göstərən təşkilatlarla koordinasiya apardığını bildirib.

Daha əvvəl dənizçilik üzrə informasiya və təhlükəsizlik şirkətləri “Sidr” və Liberiya bayrağı altında üzən “Seneqal Prosperiti” supertankerlərinin Hörmüz boğazından çıxarkən bir neçə dəqiqə fərqlə naməlum mərmilərin hücumuna məruz qaldığını bildirmişdilər. İkinci tanker də təxminən iki milyon barel Səudiyyə Ərəbistanı xam nefti daşıyırdı.

İlkin məlumatlarda bu hücumlar nəticəsində insan tələfatı barədə məlumat verilməmişdi. “Bahri” şirkətinin yeni açıqlaması “Sidr” tankerinin heyət üzvlərinin həlak olduğunu təsdiqləyən ilk rəsmi məlumatdır.

 

GunAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar