SON XƏBƏRLƏR

“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)

2026.10.04, 15:07
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)

Güney Azərbaycanın Təbriz şəhrində tamaşaçı rekordları qıran möhtəşəm “Koroğlu” tamaşası bu dəfə Tehranda səhnəyə çıxacaq. 

Gunaz.tv

Azərbaycan türklərinin zəngin tarixi, mədəniyyəti və folklorunu səhnəyə daşıyan bu böyük sənət əsəri Tehranda, İstanbuldan sonra dünyanın ikinci ən böyük türk şəhərində nümayiş etdiriləcək.

Azərbaycan Türkcəsində hazırlanan “Koroğlu” tamaşası 21 və 22 Oktyabr tarixlərində Tehranın Bəhmən Mədəniyyət Mərkəzində, Əvini Beynəlxalq Konfranslar Mərkəzində təqdim olunacaq.

Yəqub Sədiq-Cəmalinin quruluş verdiyi bu nəhəng meqalayihə böyük bir sənətçi heyətinin əməyi ilə ərsəyə gəlib. Tamaşada Azərbaycanın tarixi, mədəniyyəti və zəngin folklor ədəbiyyatının ruhu və özünəməxsusluğu xüsusi diqqətlə əks etdirilib.

“Koroğlu” bundan əvvəl Təbrizdə böyük tamaşaçı marağı ilə qarşılanıb. Sonuncu nümayişlər zamanı tamaşa 30 seansda 20 minə yaxın tamaşaçını Təbrizin 29 Bəhmən Kompleksinin açıq amfiteatrına cəlb edib.

Ümumilikdə isə “Koroğlu” tamaşası Təbrizdə müxtəlif illərdə keçirilən altı nümayiş mərhələsində təxminən 130 min tamaşaçı qarşısında səhnəyə qoyulub. Bu göstərici tamaşanı Azərbaycan teatr tarixinin ən çox izlənilən səhnə əsərlərindən birinə çevirib.

Təbrizdən başlayan bu böyük sənət yürüşünün indi Tehrana çatması Azərbaycan türklərinin öz dilinə, tarixinə, mədəniyyətinə və folklor irsinə olan güclü bağlılığının səhnədəki ifadəsi kimi diqqət çəkir.

 


Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar