SON XƏBƏRLƏR

Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb

2026.10.09, 20:39
Zahedanda qadın polis bomba partlayışı nəticəsində öldürülüb

Gunaz.tv

Sistan və Bəlucistan əyalətinin Polis Komandanlığının mədəniyyət və sosial məsələlər üzrə müavini, qadın polis zabiti Nüsrət Efteхari oktyabrın 9-da, cümə günü, Zahedanın Çeşme Ziyarat istiqamətində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində öldürülüb.

Fars və Tasnim xəbər agentlikləri Fərajanın sözçüsünə istinadən bildiriblər ki, Efteхari kənar məhəllələrdə yaşayan etnik icmaların və tayfaların problemləri ilə məşğul olmaq üçün əraziyə göndərilmişdi.

Həmin media qurumlarının məlumatına görə, bombanı yerləşdirməkdə şübhəli bilinən şəxs də qaçarkən öldürülüb.

Bəluc xəbərlərini işıqlandıran «Halvaş» xəbər saytı isə partlayışdan sonra hərbi və təhlükəsizlik qüvvələrinin əraziyə göndərildiyini, hadisə yerində atışma və şiddətli toqquşmaların baş verdiyinə dair məlumatların yayıldığını bildirib.

Hadisə İranın cənub-şərqində silahlı hücumların davam etdiyi bir vaxtda baş verib.

İran mediası, həmçinin Kirman əyalətinin Faryab rayonunun polis rəisinin oktyabrın 8-i, cümə axşamı axşam saatlarında silahlı şəxslərin açdığı atəş nəticəsində öldürüldüyünü xəbər verib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar