SON XƏBƏRLƏR

Həkimlər həbsdəki Güneyli həkim Həmid Qərəhəsənlunun vəziyyətindən narahatdır

2026.10.15, 17:32
Həkimlər həbsdəki Güneyli həkim Həmid Qərəhəsənlunun vəziyyətindən narahatdır

Gunaz.tv

Həkimlər və tibb işçiləri həbsdə olan Güney Azərbaycanlı radioloq Həmid Qərəhəsənlunun ağır sağlamlıq vəziyyəti ilə bağlı İranın məhkəmə hakimiyyətinə müraciət edərək onun təcili tibbi məzuniyyətə buraxılmasını, ixtisaslaşmış tibb mərkəzinə köçürülməsini, həmçinin özünün və həyat yoldaşı Fərzanə Qərəhəsənlunun azad edilməsini tələb ediblər.

İmzalanmış məktubda həkimin ağciyərində yaranmış ciddi zədələnmə və ağciyər boşluğundakı mayenin boşaldılmasına ehtiyac yarana biləcəyi barədə xəbərdarlıq edilib. Həkimlər onun təxirəsalınmaz tibbi yardıma və ixtisaslaşmış müalicəyə ehtiyacı olduğunu vurğulayıblar.

Məktubda bildirilir ki, 26 illik tibbi xidmət təcrübəsi olan Həmid Qərəhəsənlu həbs zamanı və həbsxanada aldığı xəsarətlər nəticəsində qabırğalarının sınması ilə yanaşı, ağciyər, göz və qulaqlarından da ciddi zədələr alıb. Həkimlər onun saxlanılma şəraiti və həyat yoldaşı ilə 13 yaşlı qızının gözü qarşısında öldürülməklə hədələnməsi barədə danışdığı səs yazısına da istinad ediblər.

Məktubu imzalayan tibb işçiləri peşə və insani məsuliyyətlərinə diqqət çəkərək məhkəmə hakimiyyətini vaxt itirmədən hərəkətə keçməyə, həkimin sağlamlığını və həyatını qorumağı prioritet hesab etməyə çağırıblar.

Gunaz.tv-nin məlumatına görə, bu müraciət Həmid Qərəhəsənlunun səhhətinin ağır olduğu və onun həbsxanadan kənarda müalicə almasının zəruriliyi barədə narahatlıqların artdığı bir vaxtda edilib.

Həmid Qərəhəsənlu əvvəlcə ölüm hökmünə məhkum edilsə də, hökm ləğv edildikdən sonra Yəzd həbsxanasında sürgündə 15 il həbs cəzasına məhkum olunub. O, 2023-cü ilin sentyabrından bu həbsxanada saxlanılır.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar