SON XƏBƏRLƏR

İranın Pakistanla quru sərhədi bağlandı

2026.10.17, 21:30
İranın Pakistanla quru sərhədi bağlandı

Gunaz.tv

GunAz TV-nin məlumatına görə, İran rəsmiləri Pakistanla quru sərhədinin bağlandığını təsdiqləyiblər. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi oktyabrın 17-də iddia edib ki, iki ölkə arasında sərhəd hərəkəti və əlaqələri “texniki problemlərin yaranması və ehtiyat tədbirlərinin görülməsi zərurəti səbəbindən müvəqqəti olaraq dayandırılıb”.

Bəqayi bildirib ki, iki ölkənin aidiyyəti qurumları problemin aradan qaldırılması və sərhəd-keçid məntəqələrinin fəaliyyətinin normal rejimə qayıtması üçün sıx əlaqə saxlayır, məsələni araşdırır və məsləhətləşmələr aparırlar.

Bundan əvvəl İranın dövlət televiziyası Yol və Nəqliyyat Təşkilatının Tranzit İdarəsinin rəisinə istinadən Pakistanın İranla Rimdən–Gəbd sərhəd-keçid məntəqəsini bağladığını xəbər vermişdi.

Eyni zamanda, İran Ticarət Palatasının üzvlərindən biri İranın Pakistana ixracının müvəqqəti dayandırıldığını, bu ölkədən idxalın isə davam etdiyini bildirib. O, ixracın dayanmasının səbəblərindən biri kimi iranlı tacirlərin beynəlxalq bank sisteminə çıxış imkanlarının olmamasından qaynaqlanan problemləri göstərib.

Bu hadisələr ABŞ-ın maliyyə naziri Skott Bessentin təxminən 10 gün əvvəl Pakistan və Türkiyə ilə İranın quru sərhədlərinin bağlanması və ölkənin mühasirə halqasının tamamlanması istiqamətində məsləhətləşmələrin aparıldığını bildirməsindən sonra baş verir. Bununla belə, İran rəsmiləri sərhəd hərəkətinin dayandırılmasını texniki problemlər və ehtiyat tədbirləri ilə izah ediblər.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar