SON XƏBƏRLƏR

Qafqazda yeni oyunların kartları_ Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi dəyişibmi?

2021.10.20, 07:36
Qafqazda yeni oyunların kartları_ Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi dəyişibmi?

Gunaz.tv
Dağlıq Qarabağ məsələsində Rusiyanın mövqeyi dəyişibmi? Qafqazda yeni oyunların kartları Azərbaycan prezidentinin Rusiya səfəri gözlənildiyi kimi yaddaqalan və aktual geosiyasi problemlərin dərin müzakirəsi ilə fərqləndi. Bizim üçün daha əhəmiyyətli olanı Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi və Azərbaycanın yeni şəraitdə bölgədə rolu məsələsi idi. Hər iki məqam üzrə olduqca vacib fikirlər ifadə olunub. Rusiya Dağlıq Qarabağ məsələsinin həllində sülh variantına üstünlük verdiyini təsdiqləyib. Güney Qafqazda cərəyan edən son geosiyasi proseslər Kremlin Dağlıq Qarabağla bağlı mövqeyində dəyişiklik etməyib. Ancaq Dmitri Medvedyev tərəflərin Gürcüstandakı proseslərdən sonra mövqelərini bir daha ortaya qoymaları vacibliyini də vurğulayıb. Ona görə də Azərbaycan prezidentinin Rusiyaya səfərini tarixi adlandıran D.Medvedyev görüşün səmərəlı olduğunu ayrıca qeyd edib. Görüşdə Rusiyanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək işində əlindən gələni edəcəyini D.Medvedyev bir daha qeyd edib. Ancaq konkret olaraq Rusiyanın suyasətinə hansı düzəlişləri edəcəyini deməyib. Düzəlişlər isə mütləq lazımdır. Çünki indiyə qədər Rusiyanın bütün dövlət başçıları münaqişənin həll edilməsi üçün əllərindən gələni edəcəklərini deyiblər. Reallıqda isə Ermənistana heç bir təzyiq göstərməyiblər. Ermənistana təzyiq olmadan isə problemin ədalətli həlli mümkün deyil. Ona görə ki, məsələ erməni qoşunlarının Azərbaycan torpaqlarını işğal etməsindən qaynaqlanıb. Yəni Dmitri Medvedyev əlini Bibliyaya da basıb münaqişənin həllinə yardım edəcəyini deyə bilər, ancaq real heç bir iş görməyə də bilər. Rusiya dövlət başçısının bu dəfəki vədində də həmin çatışmazlığı hiss etdik. Bunlarla yanaşı, Dmitri Medvedyev diqqətləri çəkən bir fikri söylədi. O, bölgədəki proseslərin təhlil edilməsi zərurətini vurğulamaqla yanaşı, Azərbaycandan çox məsələnin asılı olduğunu qabartdı. Yəni böyük güclərin atacağı addımlar öz yerində, ancaq Azərbaycan hansı mövqeni tutacaq, o da çox şeyləri həll edəcək. Deməli, maraqlı bir situasiya yaranır. Bir tərəfdən Azərbaycanın qərarlarından çox məsələnin asılı olduğunu Kreml etiraf edir, digər tərəfdən isə Azərbaycanın dəstəyini qazanmaq üçün Dağlıq Qarabağ məsələsinin nə qədər önəmli olduğunu anlayır. Ona görə də artıq bu məsələdə spekulyativ davranışların keçərli olmayacağını bilmək lazım gəlir. Elə isə Medvedyevin münaqişənin həllinə necə yardım edəcəyi məsələsi açıq qalır. Məsələnin açıq qalması Ermənistanın mövqeyinə bağlıdır. Ermənistan isə hələlik öncəki mövqeyindən geri çəkilmir. Rəsmi İrəvan deyir ki, Dağlıq Qarabağın müstəqilliyinə alternativ görmür. Kreml erməniləri bu yoldan çəkindirəcəkmi? Hələlik bunun əlamətləri görünmür. Məsələyə Qərbin yeritdiyi siyasət prizmasından baxanda isə müəyyən çalarları vurğulamaq lazım gəlir. Həmin çalarlar Ermənistanın düşdüyü ağır durumdan Qərbin çıxarılması cəhdlərinə bağlıdır. Rusiya Azərbaycana tərəf addım atmaqla daha çox ermənilərə xəbərdarlıq etmiş olur. Bir sözlə, münaqişəni Ermənistanı özündən uzaqlaşdırmamaq üçün hələ uzun müddət saxlaya bilər. Azərbaycanın əlində isə ciddi təsirə malik arqumentlər vardır. Həmin arqumentlər ölkəmizə daha optimal variantı seçməyə imkan verir. Kremlin məhz bu məqamı anladığını gözləmək olar. Münaqişəni uzun müddət bu vəziyyətdə saxlamağın limiti tükənib. Rusiya həll etməsə, Qərb fürsəti əlindən verməyəcək. Müəyyən mənada pat durumu formalaşıb. Qərb və Rusiya üçün eyni dərəcədə Dağlıq Qarabağ məsələsi həlli vacib problemə çevrilib. Prezident İlham Əliyevin Moskvaya son səfəri göstərdi ki, ölkəmiz dünyanın böyük güclərinin hər biri üçün əhəmiyyətli məkana çevrilib. Ola bilsin ki, Qafqazda geosiyasi oyunların kartları yenidən paylanır. Burada Rusiya və Qərbin daha güclü olduğunu qəbul etmək gərəkdir. Ancaq yaranan durum onu ifadə edir ki, bütövlükdə Azərbaycanın real geosiyasi çəkisi xeyli artıb. Özü də hər iki tərəf üçün əhəmiyyətli olan parametr üzrə bu belədir. Həmin arqumentə görə Azərbaycanla bağlı məsələlərin dinc yolla həll edilməsi perspektivi də aydın görünür. Bunun hansı formatda olacağı artıq konkretliklərə bağlıdır. Rəsmi Bakinin bölgədəki rolu heç kəsdə şübhə doğurmur. Orxan Güneyli olaylar

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar