SON XƏBƏRLƏR

Tramp Davosda: HƏMAS silahsızlaşdırılmalıdır

2026.01.22, 19:18
Tramp Davosda: HƏMAS silahsızlaşdırılmalıdır

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp İsveçrəyə səfəri və Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində “Sülh Heyəti”nin fəaliyyətə başladığını elan edib. Bildirilib ki, bu qurumun əsas missiyası Qəzza zolağında atəşkəsin icrasına nəzarət etməkdir.

“Reuters” agentliyinin məlumatına görə, Tramp cümə axşamı, 22 Yanvar 2026-cı il, Sülh Heyətinin açılış mərasimində çıxış edərək bildirib ki, bu qurumun səlahiyyətləri gələcəkdə Qəzzada atəşkəsə nəzarətdən daha geniş miqyaslı ola bilər. O deyib: “Heyət tam şəkildə formalaşdıqdan sonra, demək olar ki, lazım olan hər işi görə bilərik.”

ABŞ prezidenti çıxışı zamanı HƏMAS-ın roluna xüsusi toxunaraq, bu qruplaşmanı sülhün qarşısında əsas maneə kimi qiymətləndirib və vurğulayıb ki, Qəzzada hər hansı sülh razılaşması çərçivəsində HƏMAS silahı yerə qoymalıdır. Tramp xəbərdarlıq edib ki, əgər bu qrup silahsızlanmadan imtina edərsə, onun “sonu” qaçılmaz olacaq. O, kinayə ilə əlavə edib: “Bu insanlar sanki silahla doğulublar.”

Siyasi, maliyyə və hərbi baxımdan İran hökuməti tərəfindən dəstəklənən HƏMAS, son illər Qəzzada sabitliyin pozulmasında və qanlı qarşıdurmaların davam etməsində əsas rol oynayıb. Müşahidəçilərin fikrincə, bu qruplaşmanın silahsızlaşdırılması bölgədə davamlı sülhün əldə olunması üçün əsas şərtlərdən biridir.

Donald Tramp əvvəlki illərdə Birləşmiş Millətlər Təşkilatını tənqid etməsinə baxmayaraq, Sülh Heyətinin fəaliyyətinin BMT ilə koordinasiya şəraitində həyata keçiriləcəyini bildirib və qeyd edib: “BMT-nin böyük potensialı var, lakin bu potensial indiyədək tam şəkildə istifadə olunmayıb.”

ABŞ prezidenti çıxışının sonunda Davos toplantısında iştirak edən liderləri “öz dostları” adlandıraraq, bu toplantının iştirakçı tərkibindən razı qaldığını da bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar