SON XƏBƏRLƏR

Fransız qəzeti: İran rəhbərini kənarlaşdırmaq cəhdi uğursuz olub

2026.02.23, 07:06
Fransız qəzeti: İran rəhbərini kənarlaşdırmaq cəhdi uğursuz olub

Gunaz.tv

Fransanın “Le Figaro” qəzeti bir neçə məlumatlı mənbəyə istinadən yazıb ki, etirazların ən gərgin dövründə – 18 və 19 Dey gecəsi – İran rəhbəri Əli Xameneini hakimiyyət daxilində kənarlaşdırmaq cəhdi edilib. Lakin bu təşəbbüs nəticəsiz qalıb.

Qəzetin məlumatına görə, keçmiş prezident Həsən Ruhani həmin gecə öz keçmiş hökumət üzvlərindən bəzilərini, o cümlədən Məhəmməd Cavad Zərifi, Qum şəhərindən bəzi ruhani şəxsləri və Sepah strukturlarına yaxın fiqurları bir araya toplayaraq Xameneini böhran idarəçiliyindən uzaqlaşdırmağa çalışıb.

“Le Figaro”ya danışan mənbələr bildiriblər ki, plan son mərhələdə uğursuz olub. Səbəb isə iclasda nümayəndəsi iştirak edən Əli Laricaninin təşəbbüsü dəstəkləməməsi olub. Nəticədə plan icra mərhələsinə keçməyib.

Qəzet həmçinin yazır ki, məlumat sızmasının qarşısını almaq üçün hazırkı prezident Məsud Pezeşkian bu prosesdən qəsdən kənarda saxlanılıb.

Məlumata əsasən, bu hadisələrdən sonra Həsən Ruhani və Məhəmməd Cavad Zərif bir neçə gün ev dustaqlığında saxlanılıb. Onlara yaxın bəzi islahatçı fiqurlar isə qısa müddətlik həbs olunub və daha sonra azadlığa buraxılıb.

Bu hesabat İran daxilində etirazların ən geniş miqyas aldığı bir dövrdə yayımlanıb. Həmin aylarda beynəlxalq ictimaiyyətin diqqəti insan haqları pozuntularına yönəlmişdi. Hakimiyyət daxilində rəhbər dəyişikliyi cəhdinə dair iddialar təsdiqlənərsə, bu, sistem daxilində ciddi siyasi böhran və etimadsızlığın göstəricisi kimi qiymətləndirilə bilər.

 

 

GünAzTV

R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar