SON XƏBƏRLƏR

Şərqi Azərbaycan atəş altında

2026.03.03, 19:08
Şərqi Azərbaycan atəş altında

Gunaz.tv

ABŞ, İsrail və İran hakimiyyəti arasında hərbi qarşıdurmanın dördüncü günü fonunda Şərqi Azərbaycan vilayətinin bir neçə şəhərində hava zərbələri ilə bağlı məlumatlar yayılıb. Tehran və bəzi qərb vilayətləri ilə müqayisədə məlumat axını daha məhdud olsa da, yayılan görüntü və şahid ifadələri hərbi və hətta tibbi obyektlərin hədəfə alındığını göstərir.

Yerli mənbələrin yaydığı videolara əsasən, Marağa şəhərində Sepaha bağlı obyektlərə zərbələr endirilib, həmin ərazilərdən qalxan tüstü sütunları müşahidə olunub. 

Təbriz şəhəri ilə bağlı məlumatlarda isə şəhərin şimalında yerləşən Sepaha bağlı raket bazasının bombalandığı iddia edilir. Eyni zamanda Səhənd Sənaye Universitetinin yerləşdiyi əraziyə yaxın nöqtəyə zərbə endirildiyi barədə xəbərlər yayılıb. Zərərin miqyası və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Sərab rayonunda təcili tibbi yardım mərkəzi və təcili yardım avtomobillərinin yerləşdiyi məntəqənin zərər gördüyü bildirilir. Şəbistər rayonunun adı da partlayış səslərinin eşidildiyi ərazilər sırasında çəkilir.

Qeyri-rəsmi mənbələr vilayət üzrə onlarla insanın ölümü iddia etsə də, bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib. İran hakimiyyətinin rəsmi qurumları hadisələrin miqyası və itkilərlə bağlı ətraflı məlumat açıqlamayıb.

Hadisələrin inkişafı davam edir.

 

GünAzTV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar