SON XƏBƏRLƏR

İnternet kəsintisi və müharibə İran turizm sektorunu çökdürdü

2026.05.12, 17:14
İnternet kəsintisi və müharibə İran turizm sektorunu çökdürdü

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, İranda turizm sektoru müharibənin davam etməsi, iqtisadi qeyri-sabitlik və uzunmüddətli internet kəsintiləri səbəbilə görünməmiş böhranla üzləşib. Sektor nümayəndələrinin bildirdiyinə görə, yalnız son iki ayda bu sahəyə təxminən 5 min milyard tümən ziyan dəyib.

İranın Səyahət Xidmətləri Ofisləri Peşə Birliyinin rəhbəri Hörmətullah Rəfii bildirib ki, turizm ofisləri ötən ilin Novruzundan bəri demək olar ki, heç bir ciddi iqtisadi fəaliyyət göstərə bilməyib və bu sahə ilə bağlı bir çox biznes faktiki olaraq dayanıb.

“Dünya-ye Eqtesad” qəzeti yazıb ki, müharibə şəraiti və internet kəsintiləri səbəbindən turizm sektorunda təxminən 1 milyon iş yeri birbaşa təhlükə altına düşüb. Sektor fəallarının sözlərinə görə, gəlir olmadığından bir çox peşəkar işçi bu sahəni tərk edərək başqa işlərə yönəlib.

Ekspertlər bildirirlər ki, daxili və xarici səfərlərin azalmasına müharibə və təhlükəsizlik narahatlıqları təsir etsə də, əsas zərbəni internetin kəsilməsi vurub. Bu vəziyyət reklam, onlayn rezervasiya, müştərilərlə əlaqə və beynəlxalq kommunikasiya imkanlarını iflic edib.

Turizm üzrə ixtisaslaşmış saytların məlumatına görə, xüsusilə ucqar bölgələrdə fəaliyyət göstərən ekoturizm məkanları və səyahət ofisləri internet kəsintisi səbəbindən xidmətlərini tanıtmaq imkanını tamamilə itirib, bəziləri isə fəaliyyətini dayandırmağa məcbur qalıb.

Turizm fəalları xəbərdarlıq edirlər ki, İran hakimiyyəti internet məhdudiyyətlərini müharibə bəhanəsi ilə davam etdirdiyi müddətdə bu sektorun gələcəyi tam çökmə təhlükəsi ilə üz-üzədir.

Bu arada, böhran yalnız İranla məhdudlaşmır. Dünya Səyahət və Turizm Şurası bildirib ki, Yaxın Şərq bölgəsi müharibənin başlamasından bəri hər gün təxminən 600 milyon dollar turizm gəliri itirir.

 

GünAzTV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar