SON XƏBƏRLƏR

Güneyli sənətçi və siyasi fəal, Evin həbsxanasında “Edama yox” mesajı

2026.07.27, 19:05
Güneyli sənətçi və siyasi fəal, Evin həbsxanasında “Edama yox” mesajı

Gunaz.tv

Gunaz TV-nin məlumatına görə, Evin həbsxanasında saxlanılan Güney azərbaycanlı sənətçi, siyasi fəal, rəssam və heykəltəraş Mürtəza Pərvin simvolik addım ataraq həbsxananın havalandırma həyətində edama etiraz mövzusunda böyük divar rəsmi yaradıb.

Mürtəza Pərvin cəzasını Evin həbsxanasında çəkir və edam cəzasına etiraz mövzusunda bu həbsxananın havalandırma həyətində böyük ölçülü divar əsəri yarada bilən ilk sənətçi hesab olunur.

2,5 × 3 metr ölçüsündə, qara fonda hazırlanan əsərdə göbək bağı dar ağacı kəndiri formasında düyünlənmiş döl təsvir olunub. Bu simvolik əsər İranda edam hökmlərinin artmasına etiraz olaraq hazırlanıb.

Həbs olunmazdan əvvəl də çoxsaylı sərgilər təşkil etmiş bu təsviri incəsənət sənətçisi bu dəfə məhdud məkanda, digər məhbusların iştirakı ilə divar üzərində bu rəsm əsərini çəkərək sənəti etiraz vasitəsinə çevirib.

Mürtəza Pərvin bundan əvvəl də Evin həbsxanasında “Edama yox”, Güney Azərbaycanlilarin hüquqları, qadınlara qarşı repressiyalar, Yanvar ayın qırğını, müharibə, Beynəlxalq Qadınlar Günü, işçilər Günü, Müəllimlər Günü və insan hüquqları ilə bağlı digər mövzularda rəsm, heykəl və performans-art sərgiləri təşkil edib.

Güney azərbaycanlı sənətçi və siyasi fəalın bu son addımı İranda edam hökmlərinin icrasının insan haqları təşkilatları və vətəndaş cəmiyyəti fəalları tərəfindən geniş tənqid edildiyi bir dövrdə həyata keçirilib.


GunAz TV
R.G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar