SON XƏBƏRLƏR

MKİ rəhbəri Moskvaya getdi; gizli danışıqlar aparılır?

2026.08.25, 22:42
MKİ rəhbəri Moskvaya getdi; gizli danışıqlar aparılır?

MKİ rəhbərinin Moskvaya səfər etdiyi barədə məlumatlar yayılıb.

Gunaz.tv

GünAz TV-nin məlumatına görə; “Reuters” çərşənbə axşamı ABŞ mediasına istinadən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Con Retkliffin Rusiya rəsmiləri ilə görüşmək üçün Moskvaya getdiyini bildirib.

“CBS News” telekanalı və “Axios” saytı anonim mənbələrə istinadən bu səfər barədə məlumat yayıb. Lakin Retkliffin hansı rəsmilərlə görüşdüyü və danışıqların hansı mövzular ətrafında aparıldığı açıqlanmayıb.

Məlumat təsdiqlənərsə, bu, 2021-ci ilin noyabrından bəri MKİ rəhbərinin Moskvaya məlum olan ilk səfəri olacaq. Həmin vaxt MKİ-nin keçmiş rəhbəri Uilyam Börns Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü.

Eyni zamanda, “ABC News” “Flightradar24” məlumatlarına istinadən bildirib ki, ABŞ-ın Merilend ştatındakı Endryus bazasından havaya qalxan C-17 hərbi nəqliyyat təyyarəsi Riqada dayandıqdan sonra Moskvaya uçub.

“Reuters” daha sonra həmin təyyarənin Moskvadan ayrıldığını və Retkliffin onun sərnişini olduğunun ehtimal edildiyini bildirib. Lakin ABŞ və Rusiya rəsmiləri MKİ rəhbərinin həmin təyyarədə olduğunu təsdiqləməyib.

 


GünAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar