SON XƏBƏRLƏR

İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir

2026.11.09, 11:38
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir

Azərbaycanın bir sıra rusdilli media resursları Rusiya Telegram kanallarına istinadən İran kəşfiyyatının Çin şirkətləri vasitəsilə Azərbaycanın hərbi aerodromları və hava limanlarının peyk görüntülərini əldə etdiyini yazıb.

Gunaz.tv

Bu barədə siyasi analitik, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu özünün sosial media hesabında yazıb.

Yayılan məlumatlara görə, İran kəşfiyyatı Çinin kosmik şirkəti “Emposat”a Azərbaycanın Gəncə, Füzuli, Laçın və Naxçıvan hava limanlarının peyk görüntülərinin əldə edilməsi ilə bağlı müraciət edib. İddialara əsasən, tələb olunan görüntülər Tehrana təqdim olunub. Həmçinin bildirilir ki, “Emposat” 2026-cı ilin əvvəlindən İranla əməkdaşlıq edir.

Bundan başqa, Çinin “Earth Eye” şirkətinin də İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə peyk kəşfiyyatı sahəsində əməkdaşlıq etdiyi iddia olunur. Hələlik nə İran, nə də Çin tərəfi yayılan məlumatlara münasibət bildirərək onları təkzib edib.

Qeyd edək ki, 2025-ci ilin aprelində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyanat imzalanıb. Sənədin müddəalarından biri təhlükəsizlik sahəsində əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsini nəzərdə tutur. Əgər Çin şirkətlərinin Azərbaycan ərazisindəki hərbi və strateji obyektlərə dair peyk görüntülərini İran tərəfinə ötürdüyü barədə iddialar təsdiqlənərsə, bu, iki ölkə arasında strateji tərəfdaşlığın ruhuna zidd addım kimi qiymətləndirilə bilər.

Çin-İran hərbi əməkdaşlığı isə yeni məsələ deyil. Pekinin Tehranın hərbi potensialının inkişafına, o cümlədən raket və pilotsuz uçuş aparatlarının istehsalı üçün zəruri texnologiya və komponentlərin əldə edilməsinə dəstək verdiyi barədə məlumatlar mövcuddur. Çinin İranın hava hücumundan müdafiə imkanlarının inkişafına da yardım etdiyi bildirilir. Lakin bu əməkdaşlığın region ölkələrinin təhlükəsizliyinə qarşı istifadə edilməsi ciddi narahatlıq doğura bilər.

Xatırladaq ki, ABŞ-la müharibə zamanı İran ərazisindən Azərbaycan istiqamətində, Naxçıvan hava limanı ətrafına üç dron göndərilmişdi. Hadisənin səbəbləri və məsuliyyət məsələsi indiyədək tam aydınlaşdırılmayıb.

Bundan əlavə, İran parlamentinin mühafizəkar deputatlarından biri açıqlamasında İslam İnqilabı Keşikçiləri Korpusunun Körfəz ölkələri ilə yanaşı, Azərbaycana da zərbələr endirməyi planlaşdırdığını bildirmişdi. Deputatın iddiasına görə, bu planın həyata keçirilməsinə Prezident Məsud Pezeşkian mane olub.

Bu iddialar fonunda Çin şirkətlərinin İran kəşfiyyatına Azərbaycan hava limanlarının peyk görüntülərini təqdim etməsi barədə məlumatlar xüsusi diqqət çəkir. Əgər həmin məlumatlar təsdiqlənərsə, bu, Azərbaycanın təhlükəsizlik maraqları baxımından ciddi məsələ olacaq. Gələcəkdə ABŞ-İran qarşıdurmasının yenidən alovlanması ehtimalı nəzərə alınaraq, Azərbaycanın cənub istiqamətindən yarana biləcək təhlükələrə qarşı hazırlığını gücləndirməsi vacibdir.

Bu baxımdan, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin daha da möhkəmləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar