SON XƏBƏRLƏR

Almaniyanın “SMS Group” şirkəti İranla ticarət əlaqələrini dayandırıb

2021.10.20, 07:36
Almaniyanın “SMS Group” şirkəti İranla ticarət əlaqələrini dayandırıb

Gunaz.tv

GünAzTV: Almaniyanın polad istehsalçısı olan məşhur “SMS Group” şirkəti İranla bütün ticarət əlaqələrini dayandırıb. Bu barədə Amerikanın Almaniyadakı səfirliyi sentyabrın 15-də özünün şəxsi “Twitter” səhifəsində məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsinin ardınca, Almaniyanın polad istehsalı sahəsində fəaliyyət göstərən “SMS Group” şirkəti İranla ticarət əlaqələrini dayandırmağa qərar verib.

 

Bildirilir ki, alman şirkəti, 2017-ci ildə İranın bir polad zavodunun istehsal xəttini genişləndirmək üçün rəsmi Tehranla ümumi dəyəri 400 milyon dollar olan bir müqavilə imzalamışdı.

 

Qeyd edək ki, Amerikanın İrana qarşı sanksiyalar tətbiq etməsi səbəbi ilə, son aylar Almaniyanın “Siemens”, “Dürr”, “Daimler” (“Mercedes-Benz”), “DB” (Deutsche Bahn) və daha bir neçə şirkəti  İranla əməkdaşlıqlarını dayandırıblar.

 

 

 Xatırladaq ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı bir sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Sanksiyaların birinci mərhələsində, İranın qızıl və digər qiymətli metallarının satışına, avtomobil sənayesinə, gəmiçilik sığortasına, xarici banklardan İrana valyuta köçürmələrinə, İran xalçası ilə qida məhsullarının ixracına və s. qadağa qoyulub.

 

 

Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar