SON XƏBƏRLƏR

İran-İsrail müharibəsinin ikinci raundunun başlaması qaçılmazdır!

2025.08.30, 12:53
İran-İsrail müharibəsinin ikinci raundunun başlaması qaçılmazdır!

İndi Yaxın Şərq hər zamankından daha çox təhlükəli uçurumun astanasındadır. İran ilə İsrail arasında artan təhdidlər və gərginliyin şiddətlənməsi, əvvəlkindən daha təhlükəli və dağıdıcı bir müharibəyə hazırlıq getdiyinə dəlalət edir. Tehran və Təl-Əvivin getdikcə yaydıqları təhdid bəyanatları İsrail və İran arasında birbaşa hərbi qarşıdurmanın ikinci raundunun gözləniləndən tez başlayacağına heç bir şübhə yeri qoymur. 

Gunaz.tv

Hər iki tərəfin qiymətləndirmələri onu göstərir ki, gələcək qarşıdurma tamamilə fərqli xarakter daşıyacaq və onun nəticələri ağır olacaq. İyun müharibəsində qismən qələbə qazanan Təl-Əviv yaxşı bilir ki, İsrailin fasiləli zərbələr və vaxtaşırı hücum siyasəti İranın raket arsenalını yenidən qurmasının və hava hücumundan müdafiəni gücləndirməsinin qarşısını almaq üçün təkrar hücumlar tələb edir. İsrail liderləri iyun müharibəsinin İsrail və İran arasında qarşıdurmada yalnız “birinci fəsil” olduğunu bəyan etdilər. Bu da onların Vaşinqtonu İrana qarşı mübarizəyə cəlb etmək üçün ABŞ-də keçirilməsi nəzərdə tutulan aralıq seçkiləri öncəsi fürsətdən istifadə edərək yenidən zərbə endirmək əzmində olduqlarını göstərir.

Başqa tərəfdən, İran iyun müharibəsi təcrübəsindən mühüm dərslər çıxarıb və anlayıb ki, hesablanmış və mərhələli cavab siyasəti İsrailin müdafiə sistemlərinin səddini qismən keçə bilsə də, bu ölkənin İrana hücumunun qarşısını ala bilməyib. Tehran başçılarının xəbərdarlıqları, xüsusilə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın “təmkin siyasəti sona çatacaq” və “yeni cəbhələr açılacaq” bəyanatları da gələcək müharibənin mahiyyətinin dəyişməsindən xəbər verir.

Görünür, İran İsrailin onu məğlub etmək qabiliyyətinə dair təsəvvürü aradan qaldırmaq üçün gələcək müharibənin başlandığı andan sürətli və həlledici hücuma hazırlaşır. 

Bir neçə gü əvvəl İran ordusunun raket təlimləri də Tehranın müharibənin qaçılmaz olduğu qənaətinə gəldiyini və buna görə də əvvəlkindən daha fərqli raket  hücumları ilə balansı qorumağa hazırlaşdığını göstərir.

Bununla yanaşı İran Prezidenti Məsud Pezeşkianın Belarusa səfəri zamanı Aleksandr Lukaşenkodan hava hücumundan müdafiə sistemlərinin İrana verilməsi və ölkənin zədələnmiş müdafiə sisteminin bərpası ilə bağlı xahişi də, ayətullahların İsrailin hücumuna hazırlaşdıqlarına dəlalət edir.

Eyni halda bəzi iranlı diplomat və millət vəkillərinin, xüsusilə mühafizəkar siyasi cərəyana mənsub şəxslərin "İsrailin yenidən hücum edəcəyi təqdirdə bütün bölgəni oda çəkəcəkləri" məzmunlu təhdd bəyanatları, Tehranın müharibənin ikinci raundunda məğlub olacağından qorxduğunu göstərir.
 
Beləliklə, Əli Xamənei və onun ətrafında olan radikal siyasətçilərin, ölkənin siyasi və iqtisadi gücünü əlində toplayan SEPAH və "Bəsic" komandirlərinin təhdid bəyanatları fonunda qarşılıqlı eskalasiya müxtəlif səbəblərdən regionu təhlükə ilə üz-üzə qoyur.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar