SON XƏBƏRLƏR

İranda bir neçə şəhərdə peyk antenləri və Starlink avadanlıqlarının yığılması üçün təhlükəsizlik reydləri

2026.01.16, 07:36
İranda bir neçə şəhərdə peyk antenləri və Starlink avadanlıqlarının yığılması üçün təhlükəsizlik reydləri

Gunaz.tv

İranın müxtəlif bölgələrindən daxil olan məlumatlara görə, hakimiyyət vətəndaşların azad informasiyaya çıxışını məhdudlaşdırmaq məqsədilə peyk antenləri və Starlink peyk interneti avadanlıqlarının yığılmasını genişləndirib.

Məlumatlara əsasən, son günlər təhlükəsizlik və asayiş qüvvələri Tehranın bir sıra rayonlarında, eləcə də Qəzvin şəhərində və Sistan və Bəlucistan vilayətində yaşayış evlərinə reydlər keçirərək peyk antenlərini yığır, Starlink avadanlıqlarını müsadirə edir. Bəzi hallarda bu avadanlıqların sahibləri saxlanılıb.

Tehranda yaşayan sakinlər təhlükəsizlik qüvvələrinin mənzillərə və binaların damlarına zorakılıqla daxil olaraq rabitə avadanlıqlarını götürdüyünü bildiriblər.

Eyni zamanda, «Halvəş»ın yaydığı məlumata görə, 15 yanvar 2026-cı il Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində, hərbi və təhlükəsizlik qüvvələri məhkəmə qərarı təqdim etmədən evlərdə axtarış aparıb və peyk avadanlıqlarını yığıblar. Bu reydlərin sakinlər arasında qorxu və narahatlıq yaratdığı bildirilir.

Qəzvin şəhərində isə çərşənbə axşamı, 13 yanvar 2026-cı il axşam saatlarında evlərə baxış keçirildiyi və peyk antenləri ilə Starlink cihazlarının axtarıldığı barədə məlumatlar yayılıb.

Bu əməliyyatlar ölkə üzrə internet və rabitə xidmətlərinin geniş şəkildə məhdudlaşdırıldığı bir vaxtda həyata keçirilir. Hüquq müdafiəçiləri baş verənləri informasiya blokadasının gücləndirilməsi, azad məlumat dövriyyəsinin boğulması və vətəndaşların əsas hüquqlarının, xüsusilə məlumat və kommunikasiya azadlığının pozulması kimi qiymətləndirirlər.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar