SON XƏBƏRLƏR

Hörmüz boğazı üzərində ABŞ-ın kəşfiyyat PUA-larının fəaliyyəti genişlənir

2026.01.31, 07:24
Hörmüz boğazı üzərində ABŞ-ın kəşfiyyat PUA-larının fəaliyyəti genişlənir

Gunaz.tv

Uçuş izləmə məlumatlarına əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus MQ-4C tipli kəşfiyyat pilotsuz uçuş aparatı son günlər Ərəb Körfəzi üzərində və İran hökumətinin nəzarətində olan sahillərə yaxın ərazilərdə əməliyyat fəaliyyəti həyata keçirib. Abu-Dabidə yerləşən bazadan havaya qalxan bu pilotsuz aparat Hörmüz boğazı üzərində müşahidə olunub.

Qərb mənbələri ABŞ-ın İran hökumətinə qarşı mümkün hərbi addımlar üçün hazırlıq səviyyəsini artırdığını bildirirlər. Bu çərçivədə, pilotsuz uçuş aparatları və kəşfiyyat təyyarələri İranın müdafiə sistemlərinin yoxlanılması məqsədilə bölgəyə göndərilib, ABŞ-a məxsus daha bir hərbi gəmi isə region sularına daxil olub. Eyni zamanda, ABŞ ərazisində yerləşən bazalardan Avropaya doğru yanacaqdaşıyan təyyarələrin uçuş etdiyi barədə məlumat verilir.

Beynəlxalq media, o cümlədən “Daily Mail”in yazdığına görə, Tehrana təzyiq göstərmək məqsədilə diplomatik səylər də gücləndirilib. Donald Tramp İran hökumətindən nüvə proqramından və ballistik raket layihələrindən geri çəkilməyi, həmçinin Həmas və Hizbullah kimi qruplara dəstəyi dayandırmağı tələb edib.

Bu proses fonunda ABŞ-ın P-8 Poseidon kəşfiyyat təyyarəsi və USS Delbert D. Black hərbi gəmisinin Süveyş kanalından keçərək Ərəb Körfəzinə doğru hərəkəti qeydə alınıb. Hazırda Yaxın Şərqdə ABŞ-a məxsus ən azı 10 hərbi gəminin, o cümlədən USS Abraham Lincoln aviadaşıyıcısının yerləşdiyi bildirilir.

Cavab olaraq, İran hökumətinin silahlı qüvvələri fevralın əvvəlindən etibarən Hörmüz boğazında real atəşlə təlimlər keçirəcəklərini açıqlayıblar.

GünazTV

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar